“Şəhəri bəyənirəm. Bura bir növ doğma şəhərimə bənzəyir”.
İdman.Biz xəbər verir ki, bunu “Sumqayıt”ın ABŞ-li basketbolçusu Malek Qrin klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Komandanın ilk altı oyundakı çıxışını necə qiymətləndirərdiniz?
- İlk 6 oyunumuz enişli-çıxışlı keçdi. İlk matçı qazandıq. İkinci matçda da öndə idik. Bilirsiniz, son oyunlar bizim üçün bir qədər çətin keçdi, amma... əslində mövsümöncəsi hazırlıq dövrümüz olmayıb. Ona görə də düşünürəm ki, hələ də formalaşırıq və səfərdə son qələbəmizi qazanmaq yaxşı oldu.
- Komanda daxilindəki atmosferi necə xarakterizə edərdiniz?
- Biz sanki qələbəyə acıq. Bilirsiniz, bəzi çətinliklərimiz olub, amma hamımız tək bir məqsəd uğrunda çalışırıq: daha yaxşı olmaq və qazanmaq. Deməli, ab-hava getdikcə yaxşılaşır.
- Sumqayıt şəhəri haqqında nə deyə bilərsiniz? Şəhərdə ən çox nəyi bəyənirsiniz?
- Şəhəri bəyənirəm. Bura bir növ ev şəhərinə bənzəyir. Bakı böyük şəhərdir və biz buradan uzaqda deyilik. Sumqayıt sanki hər şeydən uzaqlaşıb sakit istirahət istəyəcəyin bir yer kimidir; çölə çıxanda tanış simalar görürsən və xoş insanlarla qarşılaşa bilirsən.
- Lüksemburq, Almaniya, Xorvatiya, Vyetnam və İngiltərədə çıxış etmisiniz. Azərbaycanı bu ölkələrdən fərqləndirən əsas cəhətlər hansılardır?
- Bu, əla sualdır. Düşünürəm ki, oynadığım bütün ölkələr bir qədər fərqlidir. Ümumiyyətlə, daha çox Avropada olmuşam və Azərbaycan... bir az fərqlidir. Amma burada olduğuma görə xoşbəxtəm, bu, unikal təcrübədir.
