“3 period idman prinsipləri qorundu. Heç bir problem olmadı”.
Bunu İdman.bizə basketbolçu qızlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis Avropa çempionatında C divizionunun qrup mərhələsində Ermənistanı 68:42 hesabı ilə məğlub etdikləri matçı şərh edib. O bildirib ki, rəqib son dəqiqələrdə aqressiya göstərib: “Dəqiqələr ötdükcə fərqi artırdıq. Oyunumuzu ortaya qoyduq, rəqibin güclü tərəflərini bağladıq. Nəticədə qalib gəldik. Ermənistan ilə matçın son dəqiqələri isə bir qədər aqressiv keçdi. Uduzduqlarını görüb, qızlarımıza qarşı sərt oynamağa başladılar. Bundan sonra komandaya psixoloji dəstək olduq. Hadisələri çirkinləşdirmədik, Ermənistanın istədiyinin reallaşmasına imkan vermədik. Bu, artıq onlara qarşı 2-ci zəfərimizdir. Ermənilər qarşımızda dura bilmədilər. Onların basketbolu bizdən çox geridədir. Biz bu yerlərə uzun bir yol keçərək gəlmişik”.
Alkaya komandasının yarımfinal şanslarını da dəyərləndirib: “Kipr 2006-cı il təvəllüdlü basketbolçulardan təşkil olunub. Bizlə müqayisədə təcrübəlidirlər. Boyları qısa olsa da, çox hərəkətlidirlər. Bir qədər də çirkin basketbol oynayırlar. Hər yerdə olmağa çalışırlar. Rəqibi pressinqdə saxlayıb, stress yaratmaq istəyirlər. Biz də əlimizdən gəldiyi qədər sistemimizə uyğun oynamağa çalışacağıq. İnanırıq ki, finala yüksələcəyik. U-16-dan 5-6 idmançımız var. Onlar 15 gündür ki, istirahətsiz oyunlarda iştirak edirlər. Ümid edirəm ki, sonu yaxşı olacaq. Azərbaycana daha 1 kubokla dönəcəyik”.
Qeyd edək ki, Azərbaycan və Kipr arasında yarımfinal qarşılaşması sabah saat 19:00-da start götürəcək.
Emin Ağa
İdman.biz