Amil Həmzəyev: “Turnirə Ermənistan üzərində qələbə ilə start vermək istəyirik”

Müsahibə
6 İyun 2024 16:51
464
Amil Həmzəyev: “Turnirə Ermənistan üzərində qələbə ilə start vermək istəyirik”

“Bu gün hazırlığımızı yekunlaşdırdıq. Zədəlimiz yoxdur”.

Bunu İdman.bizə basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin kapitanı Amil Həmzəyev deyib.

Təcrübəli basketbolçu iyunun 8-9-da keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını dəyərləndirib: “Azərbaycan çempionatından sonra hazırlıq üçün çox az vaxtımız oldu. Çempionatdan sonra birbaşa Serbiyaya gəlib təlim-məşq toplanışına qatıldıq. Maksimum hazırlaşmışıq. Yoldaşlıq görüşlərində də gücümüzü yoxlamışıq. Bu gecə Priştinaya yola düşəcəyik”.

Həmzəyev bildirib ki, əsas hədəfləri kuboku başları üzərinə qaldırmaqdır: “2 il öncə bu turniri lider kimi tamamlamağı bacarmışdıq. Keçən il isə zədəlilərimizin çox olması səbəbindən uğursuz çıxış etdik. Yenidən qalib gəlib Avropa kubokunun final mərhələsində iştirak etmək istəyirik. Bizi Ermənistana qarşı prinsipial mübarizə gözləyir. 1-ci oyunumuz da onlarladır. İlk matçda Ermənistan üzərində qələbə qazanıb psixoloji cəhətdən turnirə yaxşı start vermək istəyirik”.

Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsi Kosovonun paytaxtı Priştinada keçiriləcək. Turnirin qalibi 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada baş tutacaq Avropa Kubokuna vəsiqə qazanacaq.

Emin Ağa
İdman.biz