Tahir Baxşıyev: “Limitin dəyişməsi milliyə zərbə olacaq” - VİDEO

Müsahibə
21 May 2024 15:34
168
Tahir Baxşıyev: “Limitin dəyişməsi milliyə zərbə olacaq” - VİDEO

“Yığmanın oyunçularının meydanda daha çox olması üçün 3+2 sistemi yaxşıdır. Son 2 ildə bu onların qabağa getməyini göstərir”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin və NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan Basketbol Liqasında 3+2 sisteminin uğurlu olduğu qənaətindədir. O bildirib ki, bu yerli oyunçuların inkişafına təkan verib: “Keçən mövsümün 80 faizində əcnəbilər xal qazanırdı. İndi isə bu say 60-ın 40-adır. Komandalarda 3 əcnəbinin oynadığını nəzərə alsaq, bu çox yaxşıdır. Yerli basketbolçular nə qədər çox xal qazansa, bu onların inkişafını göstərir. Final seriyasının ilk oyununda “Sabah” uduzanda Endər Poladxanlının, Əlikamran Məmmədovun yoxluğu görünürdü. O vaxt deyirdilər ki, daha güclü legioner olsa, qalib gələ biləcəyik, bu gün belə düşünmürlər. Azərbaycanlı öz yerində olsa, öz potensialını göstərsə, onda komanda uda biləcək deyirlər. Endərin, Əlikamranın qayıtmağı cavab görüşündə göstərdi ki, bəli, bu, belədir. Azərbaycanlılar irəli gedirlər və bu limit qalmalıdır ki, yerli basketbolçular daha da çox oynasınlar, inkişaf getsin”.

Baxşıyevin sözlərinə görə, limitin dəyişməsi milli komandaya zərbə olacaq: “Milli komanda baxımından limitin dəyişməsini istəməzdim. “4+1” olsa, yerlilər bir-birini dəyişəcək, bəs digər gənclərin taleyi necə olacaq? Komanda sayı artırılsa, ya I Liqa daha güclənsə, belə fikir ola bilər. Hazırda 3+2 sistemi ən yaxşısıdır”.

Qeyd edək ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu NTD-İNDİQO ABL-da mövsümü bürünc medalla tamamlayıb.

İdman.biz