“Neftçi” baksetbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis Avropa Kubokunun təsnifat mərhələsinin ilk matçında Estoniyanın “Parnu” klubu üzərində qazanılan qələbəni (80:67) şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bunun komandanın mövsümdəki ilk rəsmi oyunu olduğunu qeyd edib. Buna qədər “Neftçi” altı yoldaşlıq görüşü keçirmişdi.
“Müəyyən məqamda 20 xal fərqi ilə öndə idik, lakin yekunda 13 xal fərqi ilə qalib gəldik. Oyunçularımız hətta bəzi səhvlərə yol verdilər. “Parnu” asan komanda deyil, ona görə də səfərdə qələbə üçün oynayacağıq”, – deyə Vasiliadis bildirib.
Məşqçinin sözlərinə görə, “Neftçi”nin heyəti əhəmiyyətli dərəcədə yenilənib və hücumdakı oyunu yaxşılaşdırmaq üçün komandaya vaxt lazımdır.
“Bir aydan sonra başqa bir “Neftçi” görəcəksiniz, xüsusən də hücumda”, – deyə o bəyan edib.
Vasiliadis həmçinin oyunçular və agentlərlə ehtimal olunan güclənməni müzakirə etdiyini, lakin Yunanıstandan olan basketbolçuların keçidə razılaşmadığını bildirib. Baş məşqçi heyətdə artıq yer alan iki amerikalı oyunqurana bel bağlamaq niyyətindədir.
“Parnu” ilə cavab matçı sentyabrın 30-da keçiriləcək.
