“Sabah” basketbol klubunun baş məşqçisi Lazar Spasiç Çempionlar Liqasının dördüncü turunda “Trabzonspor” üzərində qazanılan qələbəni (91:72) dəyərləndirib.
İdman.Biz xəbər verir ki, serbiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandanın uğurunda əməyi olan hər kəsə təşəkkür edib:
“Düşünürəm ki, bizə dəstək olan bütün ölkə bu qələbəmizlə fəxr edə bilər. Komandanın bütün üzvlərinə, məşqçilərə, tibbi personala, azarkeşlərə və rəhbərliyə təşəkkür edirəm, hər kəsi bu qələbə münasibətilə təbrik edirəm. Biz çox ciddi və rəqabətədavamlı komandayıq. Böyük işlər görürük və bu yolda davam edirik. Bugünkü qələbə bizdə inanılmaz hisslər və duyğular yaradıb”.
Spasiç komandanın inkişafından və rəqiblə görüşə hazırlıq prosesindən də danışıb:
“Hər oyundan sonra çatışmazlıqlarımız üzərində çalışırıq. Bu yolu keçərək böyüyüb inkişaf edirik. Düzdür, vaxtımız çox olmur, lakin “Trabzonspor”u təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Gördükləri işə görə məşqçilər heyətimizə təşəkkür edirəm”.
Yerli basketbolçuların komandadakı roluna toxunan baş məşqçi Azərbaycan millisinin üzvü Orhan Aydının təcrübəsini xüsusi qeyd edib:
“Orhan çox təcrübəli basketbolçudur. Lakin mən yerli və əcnəbi basketbolçuları bir-birindən ayırmaq istəmirəm. Onların hamısı bizim komandanın oyunçularıdır. Digər yerli basketbolçuların da komandamızda olmasından çox məmnunam”.
Spasiç “Trabzonspor”un baş məşqçisi Səlcuq Ernakın istefası ilə bağlı suala isə belə cavab verib:
“Bu barədə danışmaq istəmirəm. Mən də bu sahədəyəm və məşqçilərdən kiminsə işsiz qalmasına sevinmirəm”.
