Dina Ulyanova: “Parisdəki hədəfimiz mükafat qazanmaqdır”

Müsahibə
16 Aprel 2024 11:41
Dina Ulyanova: “Parisdəki hədəfimiz mükafat qazanmaqdır”

“Honkonqdakı turnirə yolun başlanğıcı deməzdim. Bu, çox illər əvvəl, ilk turnirimizdə Macarıstanda mübarizə aparanda olub”.

İdman.biz xəbər verir ki, bunu basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin oyunçusu Dina Ulyanova deyib.

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirində Paris-2024-ə lisenziya qazanan millimizin basketbolçusu Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində əldə olunan uğur barədə fikirlərini açıqlayıb: “Elə idmançı yoxdur ki, Olimpiya Oyunlarını xəyal etməsin. Ola bilər ki, hər səhər “sabah Olimpiadaya gedəcəm" fikri ilə oyanmırsan. Amma öz üzərində çalışırsan, komanda ilə birgə işləyirsən. Lakin bu fikir həmişə başında olur. 10 il əvvəl də, indi də belədir. Həmişə bunu arzulamışam, düşünmüşəm, can atmışam”.

Dina komandamızın mübarizliyini vurğulayıb: “Yarımfinaldan sonra emosiyalarımı saxlaya bilmirdim. Həmişə inanırdım. Lakin hər görüş gərgin keçirdi. Daim konsentrasiyalı olmaq lazım idi. Bizi ən əzmkar komanda adlandırırdılar. Çünki bəzən elə olurdu ki, artıq hər şey mümkünsüz görünür, 0:5 hesabı ilə uduzuruq və necə toparlanacağımız sual doğurur. Amma biz konsentrasiya ola bilirdik və matçdan qalib ayrılırdıq. Finaldan, Aleksandra Mollenhauerin qələbə atışından sonra tamamilə 100 faiz hiss etdik ki, biz Olimpiya Oyunlarına gedirik”.

Ulyanova Parisdəki hədəfi də açıqlayıb: “Parisdə dünyanın ən güclü 8 komandası oynayacaq. Bir saniyə də arxayınlaşmaq olmaz. İndi ola bilər ki, Honkonqda qalib olmağımızı hiss edib, dərk etməliyik. Sonra isə bizi çox iş gözləyir. Dünyanın ən güclü komandaları olacaq. Sakitləşmək olmaz. Hamı fəxri kürsü üçün mübarizə aparacaq. Biz də mükafat qazanmağı heç kimdən az istəmirik. Parisdəki hədəfimiz mükafat qazanmaqdır”.

Basketbolçu uğurun əsas mənbəyini də açıqlayıb: “Nə ilə isə məşğul olmaq və uğura inanmamaq olmaz. İnam uğurun əsas mənbəyidir. Öz işinə inanmalı və sevməlisəm”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: