“Məqsəd həmişə qələbə qazanmaqdır. Bunu hamı deyir, lakin diqqəti böyük hədəflərə aparan kiçik məqsədlərə yönəltmək lazımdır”.
Bunu “Gəncə” basketbol klubunun ABŞ-dən olan yeni baş məşqçisi Martin Knejeviç AZƏRTAC-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Gəncə” basketbol klubundan aldığınız təklifi necə qarşıladınız? Azərbaycan haqqında əvvəllər hansı məlumatlarınız var idi?
- Dəvət gəldikdə klubun direktoru Elnur Cəfərovla danışdıq. Mənə ABL-də və Avropa Kubokunda “Gəncə” klubunu çalışdırmaq, eyni zamanda ölkəni təmsil etmək imkanı barədə məlumat verdi. Direktor üçün bu klub sadəcə iş deyil, daha böyük məna daşıyır. Bunu anladığınız zaman artıq eyni dildə danışmağa başlayırsınız.
- 12 illik peşəkar məşqçilik karyeranız ərzində ölkənizdən kənarda 7 fərqli ölkədə çalışmısınız. Azərbaycandakı əsas məqsəd və hədəfləriniz nələrdir?
- Məqsəd həmişə qələbə qazanmaqdır. Bunu hamı deyir, lakin diqqəti böyük hədəflərə aparan kiçik məqsədlərə yönəltmək lazımdır. Avropa Kubokunda qrup mərhələsini keçmək, şübhəsiz ki, ilk hədəflərimizdən biridir. Bu, asan olmayacaq, çünki Avropada böyükbüdcəli komandalarla qarşılaşacağıq. Lakin belə çətinliklər mənim üçün maraqlıdır. Məhz bu cür rəqabət məşqçi və rəqabətcil insan kimi məni motivasiya edir, çalışmağa həvəsləndirir. Oyunçularımız da bu fürsətə görə çox həyəcanlıdırlar və biz Gəncəni qürurlandırmaq istəyirik. Azərbaycan Basketbol Liqasında isə hədəflərimiz daha böyük olacaq. Güclü komandalar adətən ev oyunlarının çoxunda qalib gəlirlər. Səfər qarşılaşmalarında isə nəticələr daha dəyişkən olur. Təxminən oyunların yarısında qələbə qazanır, yarısında isə məğlub olurlar. Mən bu hədəfi komandamızın qarşısına qoyacağam və oyunçuların buna necə yanaşacağını görəcəyik.
- Karyeranız ərzində NBA-da çıxış etmiş bir çox basketbolçu ilə çalışmısınız. Həmçinin “Dallas Maveriks” və “Klivlend Kavalyers” kimi komandalarda məşqçilik təcrübəniz var. Maraqlıdır, birlikdə işlədiyiniz tanınmış və ya xüsusi olaraq qeyd etmək istədiyiniz basketbolçular varmı?
- Coş Çildres məşqçilik etdiyim ən yaxşı oyunçulardan biridir. O, 10 il NBA-da oynadıqdan sonra Avropaya yollandı və “Olimpiakos”da da parlaq çıxış etdi. Çox düşüncəli və təmkinli insan idi. Hamı səs-küy salıb bir-birinə söz atarkən, o, oyunlardan əvvəl paltardəyişmə otağında kitab oxuyardı. Mən ondan soyuqqanlı və sakit qalmağı öyrəndim. “Klivlend Kavalyers”də işlədiyim vaxt Las-Veqasda Cerret Allen, Evan Mobli və Darius Qarland kimi oyunçularla çalışmaq imkanım oldu. Onların gündəlik gərgin iş rejimi və məşqlərə yanaşması həm mənim, həm də oyunçularım üçün standartları daha da yüksəltdi. Məşqçilik karyerama NBA-nın G Liqasında başlamışam, məşqlərim də həmin struktur və yanaşmaya əsaslanır. Məşqlərdə peşəkar səviyyəli işlə yanaşı, fərqli və qeyri-standart yanaşmalardan da istifadə edəcəyik. Düşünürəm ki, oyunçuların öz rahatlıq zonasından çıxması çox vacibdir.
- “Gəncə” klub tarixində ilk dəfə Avropa yarışında mübarizə aparacaq. Bu amil sizdə hər hansı təzyiq yaradırmı?
- Baş məşqçi olduğunuz zaman həmişə müəyyən təzyiq olur. Çünki nəticələr və bütün proses sənin üzərindədir. Lakin Gəncədə uzun müddətdir hiss etmədiyim qədər az təzyiq duyuram. Bunun səbəbi direktorun həm klub, həm də şəhərlə bağlı baxışıma uyğun komanda qurmaq və bu mövsüm Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etmək üçün ilk gündən mənə böyük dəstək verməsidir.
- Avropa Kubokunda rəqiblər Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos” və Türkiyənin “Esenler Erokspor” komandalarıdır. Bu klublar haqqında hansı məlumatlara sahibsiniz? Sizcə, “Gəncə” üçün hansı rəqib daha münasibdir?
- Bu komandalar mənə çox yaxşı tanışdır. Rumıniyada bir mövsüm məşqçilik etmişəm və “Krayova” ilə bir neçə dəfə qarşılaşmışıq. Həmçinin Türkiyədə yaxşı əlaqələrim var – İqor Kokoşkov, Toma Miyatoviç və yaxın dostum Mehmet Okurla daim ünsiyyətdəyəm. Hər il Türkiyə liqasını yaxından izləyirəm. Çində çalışdığım vaxt rəhbərlik etdiyim oyunçulardan biri olan Çasson Rendl ötən mövsüm “Rodos”da çıxış edib. Buna görə həmin komandanın oyunlarını da yaxından izləyirdim. Bolqarıstanda isə çoxlu serb məşqçi var və “Rilski Sportist” haqqında ətraflı məlumat, o cümlədən skautinq hesabatı əldə etmək üçün artıq onlarla əlaqə saxlamışam. Biz meydana tam hazır və yaxşı vəziyyətdə çıxacağıq.
