Fransalı basketbolçu Nikolas Batum 37 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, basketbolçu NBA-da 18 il keçirib. O, bu müddətdə “Portlend”, “Şarlott”, “Filadelfiya” və “Los-Anceles Klippers” komandalarının formasını geyinib.
Batumun NBA-da ən məhsuldar mövsümü 2016/17-ci mövsümünə təsadüf edib. Həmin vaxt “Şarlott Hornets”də çıxış edən basketbolçu orta hesabla hər oyuna 15,1 xal, 6,2 ribaund və 5,9 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə fransalı NBA-nın müntəzəm çempionatında 1205 oyun keçirib.
Nikolas Batum Fransa millisində də uğurlu çıxış edib. O, yığma ilə ikiqat Olimpiya Oyunları gümüş mükafatçısı olub. Basketbolçu dünya çempionatında iki bürünc medal qazanıb. Həmçinin Avropa çempionatında qızıl, gümüş və bürünc medallara sahib çıxıb.
