“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazanmaqla yanaşı, rəqibi “Mikonos”un məğlubiyyətsiz seriyasını da dayandırıb.
İdman.Biz xəbər verir ki, Yunanıstan klubunun rəsmi saytında Bakıdakı yenilginin komandanın turnirdə cari mövsümdə ilk məğlubiyyəti olduğu vurğulanıb.
“Mikonos” qrup mərhələsinin əvvəlki beş qarşılaşmasının hamısını qələbə ilə başa vurmuşdu. Lakin altıncı turda Milli Gimnastika Arenasında keçirilən görüşdə “Neftçi” rəqibini 84:80 hesabı ilə məğlub edərək bu seriyaya son qoyub.
Yunanıstan klubunun hesabatında Bakı təmsilçisinin basketbolçusu Miliç Starovlahın çıxışı da diqqət çəkib. O, 27 xal toplayaraq qarşılaşmanın ən məhsuldar oyunçusu olub.
Beləliklə, əvvəlki beş oyununda məğlub olan “Neftçi” qrup liderinə ilk xal itkisini yaşadıb.
Xatırladaq ki, komandaların ilk dövrədə Yunanıstanda keçirilən qarşılaşmasında “Mikonos” 78:58 hesablı qələbə qazanmışdı.
