Millinin kapitanı: “Fərqli oyun göstərib, Kosovoya qalib gələcəyik”

Xəbərlər
24 Fevral 2024 13:40
107
Millinin kapitanı: “Fərqli oyun göstərib, Kosovoya qalib gələcəyik”

"İsveçrə ilə matçda iki fərqli hissə izlədik. Birinci yarıda əla çıxış etsək də, ikincidə bunu bacarmadıq".

Bunu İdman.bizə Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev deyib.

Yığmanın 33 yaşlı kapitanı dünya çempionatının seçmə mərhələsində İsveçrəyə 53:72 hesabı ilə uduzduqları matçı şərh edib. O bildirib ki, məğlubiyyətə əsas səbəb təcrübəsizlikdir: "Asan rəqib deyildi. Bunu bilirdik və oyuna yaxşı hazırlaşmışdıq. Komanda kimi təcrübəsizlik məğlubiyyətimizə səbəb oldu. Gənc oyunçular və Avropa arenasına yeni çıxan oyunçularımız çoxdur".

Həmzəyev sabah Kosovo millisinə qarşı keçiriləcək görüşlə bağlı da fikirlərini açıqlayıb: "Onlar mərhələyə İrlandiya üzərində 83:76 hesablı qələbə ilə başlayıb. Düşünürəm ki, evdə tamam fərqli bir oyun göstərib, qalib gələcəyik. İsveçrə ilə matçda şəxsi oyunum o qədər yaxşı alınmasa da, sabahkı matçda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Çox istərdim ki, Azərbaycan Basketbol Liqasında mübarizə aparan klubların hamısının fan klubları sabah "Sərhədçi" İdman Mərkəzində bizə dəstək olsunlar".

Qeyd edək ki, Azərbaycan – Kosovo matçı sabah saat 14:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: