“Neftçi”nin basketbolçusu Aleksа Stepanoviç FIBA Avropa Kubokunun qrup mərhələsinin beşinci turunun ən yaxşı beş oyunçusu sırasına daxil edilib.
İdman.Biz xəbər verir ki, serbiyalı legioner Bakı təmsilçisinin Bolqarıstanın Plovdiv şəhərini təmsil edən “Lokomotiv” klubu ilə qarşılaşmasında fərqlənib. Həmin görüşdə “Neftçi” 72:76 hesabı ilə məğlub olub.
Stepanoviç matçda 23 xal, 9 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Turun ən yaxşı oyunçuları sırasında Yunanıstanın “Promiteas” klubundan Nikos Diplaros (20 xal, 14 məhsuldar ötürmə), İsveçrənin “Lions” komandasından Kori Floyd (28 xal), Rumıniyanın “Universitatya Kraiova” klubundan Ronald Polayt (20 xal, 7 ribaund, 8 məhsuldar ötürmə) və Türkiyənin “Esenler Erokspor” kollektivindən Amadu Sou (17 xal, 4 ribaund, 4 məhsuldar ötürmə) da yer alıblar.
Qeyd edək ki, beş basketbolçunun hamısı turun ən yaxşı oyunçusu adına namizəddir. Qalib azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək.
