“Belçikanın Antverpen şəhərində keçirilmiş Avropa çempionatında bürünc medal qazanan 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi möhtəşəm iş görüb”.
İdman.Biz xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ratomir Deliç açıqlama verib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
“Hələlik o qədər həyəcanlıyam ki, danışmaq belə çətindir, amma burada həqiqətən möhtəşəm iş gördüyümüzə əminəm. Xüsusilə də bütün mövsüm ərzində yaşananları nəzərə alsaq - zədələr, komanda dəyişiklikləri və bir müddət birlikdə ola bilməməyimiz. Dünya Kubokundan başlayaraq, orada da son mərhələlərə qədər irəliləyib medallar uğrunda mübarizə aparmışdıq. Amma düşünürəm ki, bütün çətinliklərin öhdəsindən birlikdə gəldik və bu nəticəyə layiqik”.
R.Deliç komanda ilə fəxr etdiyni söyləyib:
“Mövsüm artıq başa çatdı, indi bir az fasiləmiz var. Uzun və çətin mövsüm oldu, amma bacardıq və mövsümü çox gözəl şəkildə başa vurduq. Gələcəkdə də oyunun ən yüksək səviyyəsində qalmaq və daha çox qızıl medallar uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
