“Zaman-zaman yaxşı oyun nümayiş etdirdik. Buna baxmayaraq, müdafiədə bəsit səhvlərə yol verdik və oyunun sonluğunu gətirə bilmədik”.
İdman.Biz xəbər verir ki, bu sözləri “LANDAU Lions” basketbol klubunun baş məşqçisi Erhan Toker “Geneve de Lions”a məğlubiyyətdən (77:85) sonra matçı şərh edərkən deyib.
Türkiyəli mütəxəssis heyətdəki önəmli itkidən, müdafiədə yaşanan boşluqlardan və rəqibin bu səhvlərdən necə yararlandığından bəhs edib:
“Xüsusilə bu cür qarşılaşmalarda Ceyms Freyzer olmadan oynamaq həqiqətən də asan deyil. Arnas Sakenis müdafiədə böyük mübarizə apardı, lakin ümumilikdə rəqib sadə səhvlərimizdən maksimum yararlanaraq üstünlüyü ələ keçirdi. Qələbəyə yaxın olduğumuz və onu qazanmaq üçün böyük istək göstərdiyimiz anlar var idi. Təəssüf ki, istəyimizə nail ola bilmədik”.
Qeyd edək ki, “LANDAU Lions” FIBA Avropa Kubokunun G qrupunda səfərdə İsveçrənin “Lions de Geneve” komandasına 77:85 hesabı ilə məğlub olub. Görüş Cenevrədəki “De-la-Ge-d’Arv” idman mərkəzində keçirilib.
Bu, Azərbaycan təmsilçisinin turnirdə keçirdiyi altı oyunda beşinci məğlubiyyəti olub. Komanda əvvəlki görüşlərdə “Lions de Geneve”yə (83:105), “Prievidza”ya (84:108), “Bakken Bears”ə (88:91) və “Benfika”ya (76:97) uduzub. Erhan Tokerin yetirmələri yeganə qələbələrini evdə Türkiyənin “Dənizli Basket” klubu üzərində qazanıblar (94:86).
Altı turdan sonra G qrupunda Portuqaliyanın “Benfika” komandası 11 xalla liderdir. Danimarkanın “Bakken Bears” və İsveçrənin “Lions de Geneve” komandalarının hərəyə 10 xalı var. Türkiyənin “Dənizli Basket” və Slovakiyanın “Prievidza” klubları 8 xalla müvafiq olaraq dördüncü və beşinci yerləri tuturlar. “LANDAU Lions” isə 7 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
