Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarusun basketbol və 3x3 basketbol üzrə oyunçu, məşqçi, hakim və digər rəsmilərinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.
İdman.Biz xəbər verir ki, bu barədə Rusiya Basketbol Federasiyası məlumat yayıb.
Qərar FIBA İcraiyyə Komitəsinin İsveçrədə keçirilən iclasında qəbul edilib.
Qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus basketbolçularının yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tövsiyəsindən sonra verilib.
Bununla da Rusiya və Belarusun basketbol və 3x3 basketbol üzrə oyunçuları FIBA-nın bütün yarışlarında iştirak edə, hakimlər, komissarlar və digər rəsmilər isə bütün vəzifələrə təyin oluna biləcəklər.
Qərar dərhal qüvvəyə minib.
Xatırladaq ki, FIBA Rusiya və Belarus təmsilçilərinə qarşı məhdudiyyətləri 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra tətbiq etmişdi.
