Azərbaycanın U-16 qızlardan ibarət basketbol millisi FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda mübarizəyə başlayır
İdman.Biz xəbər verir ki, millimizin qarşılaşmalar üçün yekun heyəti açıqlanıb.
Baş məşqçi Ferhat Akcanın sərəncamında 12 basketbolçu olacaq:
Zibeydə Əliyeva, Aylin Əkbərzadə, Zeynep Zeytingöz, Nəzrin Almazova, Milana Kitayeva, Günel Məmmədli, Naibə Əmrullazadə, Qalina Quşina, Aylin Niftəliyeva, Hayfa Bazzi, Viktoriya, Ulyanova, Jasmin Ağamaliyeva.

Baş məşqçi Ferhat Akcana Evren Alkaya və Esra Adir Həsənova kömək edəcəklər. Murat Selman Çolak fiziki hazırlıq üzrə məşqçi, Ayla Balakişiyeva isə masajçı kimi komandada yer alıb.
Azərbaycan turnirin Slovakiyanın Pyeştani şəhərində keçirilən hissəsində B qrupunda mübarizə aparacaq. Millimizin rəqibləri Slovakiya və İsveç yığmalarıdır. FIBA-nın formatına əsasən, 2026-cı ildə B divizionu üç fərqli ölkədə keçirilir və hər turnirin qalibi növbəti mövsüm A divizionuna yüksələcək.
Yığmamız ilk oyununu bu gün saat 21:00-da Slovakiyaya qarşı keçirəcək. Qarşılaşma Pyeştanidəki “Diplomat Arena”da baş tutacaq.
Azərbaycanın bu yaş qrupu son illərdə Avropa basketbolunda yüksəliş də yaşayıb. U-16 millimiz 2024-cü ildə C divizionunun finalında Kipri 69:52 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə çempion olub və B divizionuna vəsiqə qazanıb. Həmin turnirdə Angelina İsmayılova orta hesabla 23 xal toplayaraq MVP seçilib.
Ötən il isə Azərbaycan B divizionunda debüt mövsümünü keçirib. Yığmamız 19 komanda arasında 19-cu yeri tutsa da, turnirdə İrlandiyanı 64:62 hesabı ilə məğlub etməyi bacarıb. Həmin çempionatda Polina Şukina orta hesabla 19,2 xalla turnirin ən məhsuldar oyunçularından biri olub, Aylin Əkbərzadə isə hər oyuna orta hesabla 3,8 məhsuldar ötürmə ilə komandanın liderlərindən sayılıb.
Bu dəfə heyətdə ötən mövsüm B divizionunda çıxış etmiş Aylin Əkbərzadə, Aylin Niftəliyeva, Günel Məmmədli, Zeynep Zeytingöz və Qalina Quşina kimi basketbolçular da yer alıb. Bu, yığmanın turnirə müəyyən beynəlxalq təcrübə ilə çıxacağı deməkdir.
