Beynəlxalq Basketbol Federasiyasının (FIBA) keçmiş prezidenti Horasio Muratore 74 yaşında vəfat edib.
İdman.Biz bildirir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Keçmiş argentinalı rəsminin ölüm səbəbi açıqlanmayıb.
Muratore 2014-cü ildən 2019-cu ilə qədər FIBA prezidenti vəzifəsində çalışıb. O, həmçinin Argentina Basketbol Konfederasiyasına (1992-2006) və Amerika Basketbol Konfederasiyasına (1993-2006) rəhbərlik edib.
"Horasionun vəfat etməsi xəbəri bizi dərindən kədərləndirdi. O, FIBA ailəsində və ondan kənarda çox sevilən və hörmət edilən bir şəxsiyyət idi. Düşüncələrimiz onun ailəsi və dostları ilədir. O, uzun illər idmanımıza olan sədaqəti sayəsində inanılmaz bir miras qoyub gedir. Qlobal basketbol üçün etdiyi hər şeyə görə ona sonsuz minnətdarıq.
Rəsmi səlahiyyət müddəti bitdikdən sonra belə, Horasio FIBA ailəsində çox fəal qaldı və 2025-ci il Amerika Kuboku da daxil olmaqla müxtəlif tədbirlərdə iştirak etdi. Onun basketbola və sevimli Argentinaya olan böyük sevgisi və ehtirası həmişə özünü göstərirdi. Onun üçün çox darıxacağıq", - FIBA-nın baş katibi Andreas Zaqklis bildirib.
