“Neftçi SOCAR” 3x3 basketbolu üzrə Qadınların Dünya Seriyasında inamlı çıxışını davam etdirir. Bakı mərhələsində meydan sahibi kimi 1/4 finalda mübarizəni dayandırmasına baxmayaraq, komanda ümumi sıralamada ikinci yeri tutur və final turnirinə vəsiqə qazanmaq üçün yaxşı şanslarını qoruyur.
Hazırkı heyətin əsas oyunçularından biri olan yaponiyalı Aoi Katsura İdman.Biz-ə başa çatan turnir və komandanın qarşıdakı hədəfləri barədə danışıb. O, 1/4 finaldakı məğlubiyyətə görə çox məyus olduğunu bildirib.
“Həmişə qalib gəlmək və medallar uğrunda mübarizə aparmaq istəyirik. Sloveniya komandası çox keyfiyyətli basketbol nümayiş etdirdi və yaranan imkanlardan daha yaxşı yararlandı. Bizə isə bəzi epizodlarda soyuqqanlılıq və qarşılıqlı anlaşma çatmadı. Bunun üzərində hələ işləməliyik.
Xüsusilə azarkeşlərə təşəkkür etmək istəyirəm. Bakıda belə bir dəstək qarşısında oynamaq xüsusi hiss idi. Onların sonadək bizimlə olmalarını çox yüksək qiymətləndiririk və ümid edirik ki, növbəti dəfə onları daha uğurlu çıxışla sevindirəcəyik”, – deyə Katsura vurğulayıb.
Yaponiyalı basketbolçu əlavə edib ki, komanda bu il yenilənmiş heyətlə çıxış edir və oyunçuların meydanda qarşılıqlı anlaşmanı daha da təkmilləşdirməsi üçün zamana ehtiyac var.
“Komandaya yeni oyunçular qoşulub və bir-birimizi daha yaxşı başa düşmək, qarşılıqlı əlaqəni formalaşdırmaq üçün bizə vaxt lazımdır. Məğlubiyyətə baxmayaraq, hesab edirəm ki, bu turnir göstərdi: “Neftçi SOCAR”ın böyük potensialı var. Əgər eyni əzmkarlıqla işləməyə davam etsək, nəticələr mütləq gələcək”, – deyə Katsura bildirib.
O, həmçinin qeyd edib ki, Yaponiyada həm onun çıxışlarını, həm də "Neftçi SOCAR"ın nəticələrini diqqətlə izləyirlər.
“Bilirəm ki, Yaponiyada həm karyeramı, həm də klubun oyunlarını izləməyə davam edirlər. Beynəlxalq arenada təkcə komandamı deyil, həm də ölkəmi təmsil etmək mənim üçün qürurvericidir. Ümid edirəm ki, inkişafımız və gələcək nəticələrimiz həm Azərbaycanda, həm də Yaponiyada azarkeşləri sevindirəcək”, – deyə basketbolçu vurğulayıb.
O, “Neftçi SOCAR”ın Dünya Seriyasının ümumi sıralamasında ikinci yerdə qərarlaşmasını yaxşı aralıq nəticə kimi qiymətləndirib.
“Dünya Seriyasının ilk yarısından sonra ikinci yerdə olmağımıza sevinirik. Amma qarşıda bizi hələ çox iş gözləyir. Komandada heç kim əldə olunanlarla kifayətlənmək fikrində deyil. Hazırda əsas məqsədimiz sabitliyi qorumaq, səhvləri aradan qaldırmaq və hər mərhələdə ən yüksək yerlər uğrunda mübarizəni davam etdirməkdir”, - deyə Katsura fikirlərini yekunlaşdırıb.
