“Neftçi” Lebron Ceymsə qarşı oynamış NBA oyunçusunu transfer etdi

18 İyul 2026 17:15
135
“Neftçi” Lebron Ceymsə qarşı oynamış NBA oyunçusunu transfer etdi

Azərbaycanın basketbol klubu “Neftçi” NBA təcrübəsinə malik ABŞ-li müdafiəçi Ayzey Uaytxedi heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, 31 yaşlı basketbolçunun transferi barədə həm oyunçunun özü, həm də onun maraqlarını təmsil edən “PIVIT Sports Group” agentliyi məlumat yayıb.

Uaytxed sosial şəbəkədə üzərində “Signed”, “Isaiah Whitehead” və “Neftçi” sözləri yazılmış şəkil paylaşıb. ABŞ-li basketbolçu karyerasının yeni mərhələsi ilə bağlı fikirlərini də bölüşüb.

“On birinci il. Qayıdış ili! Biz həmişə özümüzə inanırıq. Bu, həyat tərzidir, ana, yolumuza davam edirik”, – deyə basketbolçu yazıb.

“Neftçi”nin yeni transferi Bruklində anadan olub və həm oyunqurucu, həm də hücumameyilli müdafiəçi mövqeyində çıxış edir. Onun boyu 193 santimetrdir.

Peşəkar karyerasına başlamazdan əvvəl Uaythead Seton Holl Universitetinin şərəfini qoruyub. O, 2016-cı ildə komandasının 23 ildən sonra ilk dəfə Big East konfransının turnirini qazanmasına kömək edib və yarışın ən dəyərli oyunçusu seçilib.

2016-cı il NBA draftında müdafiəçi 42-ci seçim olaraq “Yuta Caz” tərəfindən seçilib. Daha sonra onun hüquqları "Bruklin Nets"ə keçib. Uaythead doğma şəhərinin klubunda iki mövsüm çıxış edib.

Amerikalı basketbolçu NBA-nın müntəzəm çempionatında ümumilikdə 89 oyuna çıxıb. O, orta hesabla 7,2 xal toplayıb, 2,4 ribaund edib və 2,4 məhsuldar ötürmə verib. Liqadakı şəxsi məhsuldarlıq rekordu isə 24 xaldır.

Uaytheadin ən yaddaqalan oyunlarından biri 2017-ci il yanvarın 6-da Lebron Ceymsin lideri olduğu "Klivlend Kavalers"ə qarşı baş tutub. “Neftçi”nin yeni transferi həmin görüşdə NBA karyerasında ilk dabl-dablını rəsmiləşdirərək 10 xal və 10 ribaundla yadda qalıb. Lebron həmin oyunda 36 xal toplayıb, "Klivlend" isə 116:108 hesabı ilə qalib gəlib.

Bir müddət sonra Uaytxed yenidən Ceymsin komandasına qarşı məhsuldar oyun nümayiş etdirib. 2017-ci ilin yanvarında keçirilən digər görüşdə müdafiəçi 16 xal toplayıb. Lebron isə həmin qarşılaşmada 31 xal və 11 məhsuldar ötürmə ilə fərqlənib. "Kavalers" bu dəfə də 124:116 hesablı qələbə qazanıb.

NBA mərhələsini başa vurduqdan sonra Uaythead Rusiya, Qazaxıstan, Monteneqro, Türkiyə, Almaniya, Polşa və İsrail çempionatlarında çıxış edib. Onun keçmiş klubları sırasında “Lokomotiv-Kuban”, “Astana”, “Mornar”, “Beşiktaş”, “Lüdviqsburq”, “Kinq Şetsin” və “İroni Nes-Siona” da yer alır.

Xatırladaq ki, “Neftçi” 2026/27 mövsümündə FIBA Avropa Kubokunda iştirak edəcək. Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Pyarnu" klubu ilə qarşılaşacaq.

İdman.Biz