Azərbaycan basketbolu Avropadakı təmsilçiliyini genişləndirməyə davam edir.
İdman.Biz xəbər verir ki, ölkə tarixində ilk dəfə eyni anda dörd klub - “Sabah”, “LANDAU Lions”, “Gəncə” və “Neftçi” avrokuboklarda çıxış edəcək. Püşkatma artıq onların rəqiblərini müəyyənləşdirib və bəzi Azərbaycan komandalarını həqiqətən də ciddi sınaqlar gözləyir.
Dördqat Azərbaycan çempionu “Sabah” FIBA Çempionlar Liqasına müntəzəm mövsümdən başlayacaq. Bakı təmsilçisi A qrupunda Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter 92” və Litvanın “Ritas” klubları ilə qarşılaşacaq.
Qrupun əsas favoriti məhz “Ritas” hesab olunur. Litva klubu Avropanın ən güclü basketbol ölkələrindən birini təmsil edir, müntəzəm olaraq beynəlxalq turnirlərdə iştirak edir və FIBA Çempionlar Liqasının son qalibidir. Ötən mövsümün finalında litvalılar Yunanıstanın AEK klubuna qarşı 20 xal geridə olsalar da, möhtəşəm geridönüş edərək oyunu əlavə vaxtda qazanıb kuboku başları üzərinə qaldırıblar. Avropa təcrübəsi və heyətinin dərinliyi baxımından “Ritas” turnirin ən təhlükəli iştirakçılarından biri sayılır.
Digər güclü rəqib isə Fransanın “Nanter 92” klubudur. 2013-cü il Fransa çempionu, FIBA "Challenge Cup" və FIBA Avropa Kubokunun qalibi uzun illərdir Avropa turnirlərinin daimi iştirakçılarındandır. Klubun tarixi xüsusilə diqqətəlayiqdir. Belə ki, aşağı liqalardan başlayaraq ölkə çempionluğuna qədər yüksəlməyi bacarıb.
Maraqlıdır ki, “Nanter” bu qrupdakı digər rəqiblərdən biri olan “Trabzonspor”la daha əvvəl də üz-üzə gəlib. 2015-ci ildə Fransa təmsilçisi FIBA "Challenge Cup"ın finalında türkləri məhz Trabzonda son saniyələrdə qazandığı qələbə ilə məğlub edib. İndi isə tərəflər Çempionlar Liqasının qrup mərhələsində yenidən qarşılaşacaqlar.
“Trabzonspor” üçün isə bu turnir Çempionlar Liqasındakı ilk iştirak olacaq. Bir neçə illik fasilədən sonra klub Türkiyə basketbolunun elitasına qayıdıb və elitaya yüksəldiyi ilk mövsümdəcə ölkə çempionatının pley-off mərhələsinə yüksəlib.
Xatırladaq ki, “Sabah”ın da artıq avrokubok təcrübəsi var. 2023/24 mövsümündə debüt edən Bakı klubu 18 ildən sonra FIBA Avropa Kubokunun təsnifat mərhələsini adlayan ilk Azərbaycan komandası olub və əsas mərhələyə vəsiqə qazanıb. Ötən mövsüm isə "Sabah" Çempionlar Liqasında debüt edib, lakin 6 oyunda cəmi 1 qələbə qazanaraq qrupu sonuncu pillədə başa vurub.
Azərbaycan çempionatının gümüş mükafatçısı “LANDAU Lions” (əvvəlki adı “Abşeron Layons”) isə Çempionlar Liqasına təsnifat mərhələsindən başlayacaq.
Komanda ötən mövsüm FIBA Avropa Kubokunun təsnifatında Kiprin “Anortosis” klubuna uduzsa da, ən yaxşı məğlub olan komandalardan biri kimi müntəzəm mövsümə vəsiqə əldə etmişdi.
Bu dəfə Azərbaycan klubunun rəqibi Latviyanın VEF komandası olacaq. Riqa təmsilçisi ölkəsinin ən titullu klublarından biridir və Çempionlar Liqasının daimi iştirakçılarındandır. Ötən mövsüm VEF uğursuz çıxış edib, Çempionlar Liqasında qrupdan çıxa bilməyib və uzun illərdən sonra ilk dəfə Latviya çempionatında qızıl medal qazana bilməyib. Buna baxmayaraq, Avropa təcrübəsi bu cütün favoriti kimi məhz VEF-i göstərir.
Azərbaycanın bürünc mükafatçısı və ölkə kubokunun ikiqat qalibi “Gəncə” isə FIBA Avropa Kubokunun qrup mərhələsindən mübarizəyə başlayacaq.
Azərbaycan klubunun qrupdakı dəqiq rəqibləri Portuqaliyanın “Sportinq”, Türkiyənin “Esenler Erokspor” və Rumıniyanın “Universitatya Krayova” komandaları olacaq. Daha iki rəqib isə Çempionlar Liqasının təsnifat mərhələsindən sonra müəyyənləşəcək.
Qrupun əsas favoriti “Sportinq” sayılır. Basketbol komandası 2019-cu ildə yenidən fəaliyyətə başladıqdan sonra klub qısa müddətdə Portuqaliya basketbolunun zirvəsinə qayıdıb və hazırda müntəzəm olaraq avrokuboklarda çıxış edir. Ötən mövsüm Lissabon təmsilçisi FIBA Avropa Kubokunda ikinci qrup mərhələsinə qədər irəliləyib.
Əksinə, “Esenler Erokspor”un Avropa təcrübəsi demək olar ki, yoxdur. Klub cəmi 2022-ci ildə yaradılıb, lakin qısa müddətdə Türkiyə Superliqasına yüksəlib və ilk mövsümdəcə pley-offa vəsiqə qazanıb. Bu yüksəliş klubun ciddi idman və maliyyə ambisiyalarından xəbər verir. Digər rəqib – Rumıniyanın “Universitatya Krayova” klubu isə ölkə çempionatının bürünc mükafatçısıdır.
“Gəncə”nin digər iki potensial rəqibi Çempionlar Liqasının təsnifat mərhələsindən sonra bəlli olacaq. Bolqarıstanın “Rilski Sportist” klubu zəngin beynəlxalq təcrübəyə malikdir, baxmayaraq ki, ötən avrokubok mövsümündə birinci qrup mərhələsində mübarizəni dayandırıb. Avropanın ən güclü milli çempionatlarından birini təmsil edən Yunanıstanın “Kolossos Rodou” klubu da təsnifatı keçə bilməsə, bu qrupa düşəcək.
Azərbaycanın digər təmsilçisi “Neftçi” ötən mövsüm FIBA Avropa Kubokuna əsas mərhələdən başlamışdı. Bu il isə Bakı klubu mübarizəyə təsnifat raundundan başlayacaq. Komandanın rəqibi Estoniyanın "Pyarnu" klubu olacaq.
2000-ci ildə yaradılan klub Estoniya çempionu titulunu ilk dəfə 2022-ci ildə qazanıb. “Pyarnu” Avropa səhnəsində 2021/22 mövsümündə debüt etsə də, hələlik ciddi uğur əldə edə bilməyib. Ötən il də FIBA Avropa Kubokunun təsnifatında Çexiyanın "Brno" klubuna uduzaraq müntəzəm mövsümə yüksələ bilməyib.
Bu mənzərə fonunda “Neftçi”nin şansları kifayət qədər real görünür. Bakı klubu ötən il avrokuboklarda uğurlu debüt edib və FIBA Avropa Kubokunun qrup mərhələsində üç qələbə qazanıb. Azərbaycan təmsilçisi "Pyarnu"nu mübarizədən kənarlaşdıracağı halda H qrupunda çıxışını davam etdirəcək.
Bununla belə, mövsümün əsas intriqası yalnız rəqiblərlə bağlı deyil. Demək olar ki, bütün Azərbaycan klubları ciddi dəyişikliklər edib. “Sabah” baş məşqçisini dəyişib və lideri Hassani Qravettlə yollarını ayırıb. "Neftçi"də də məşqçilər korpusunda dəyişikliklər gözlənilir, “Gəncə” isə baş məşqçisini və bir neçə əsas yerli basketbolçusunu itirib. Buna görə də yeni avrokubok mövsümü Azərbaycan klubları üçün təkcə oyun səviyyəsinin deyil, həm də dəyişikliklərə uyğunlaşmaq bacarığının ciddi sınağı olacaq.
