Azərbaycan klubunun basketbolçusu: “Mənfi proqnozları alt-üst etməyi bacardıq”

10 İyul 2026 17:35
81
Azərbaycan klubunun basketbolçusu: “Mənfi proqnozları alt-üst etməyi bacardıq”

“Meydana çıxdığımız hər oyunda qələbə qazanacağımıza inanırıq”.

Bu sözləri FIBA Çempionlar Liqasının təsnifat mərhələsində Latviyanın “Riqa” klubuna rəqib olan Azərbaycanın “Landau Lions” komandasının basketbolçusu Ceyms Freyzer deyib.

Amerikalı basketbolçu rəqibi hələ ətraflı təhlil etmədiklərini bildirib.

“Klubumuz qısa müddətdir fəaliyyət göstərsə də, belə nüfuzlu turnirdə iştirak etmək bizim üçün böyük həyəcan doğurur. Bu yarışda mübarizə aparacağımız günü səbirsizliklə gözləyirik. Komandamızın layiqli çıxış etmək üçün kifayət qədər güclü heyətə malik olduğuna inanırıq. Meydana çıxdığımız hər oyunda öz gücümüzə inanırıq. Hazırda rəqib haqqında geniş məlumata sahib deyilik. Oyun vaxtı yaxınlaşdıqca, onları daha yaxından təhlil edəcəyik”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Freyzer ötən mövsüm nümayiş etdirdikləri performansı da yüksək qiymətləndirib:

“Mövsümü ümumilikdə uğurlu hesab edirəm. Bunun həm görünən, həm də görünməyən bir çox səbəbi var. Mövsümün əvvəlindən komandamızla bağlı verilən mənfi proqnozları alt-üst etməyi bacardıq. “Landau Lions” əzmkar və sona qədər mübarizə aparan kollektiv olduğunu sübut etdi”.

Qeyd edək ki, bu cütün qalibi növbəti raunda, məğlubu isə Avropa Kubokunun qrup mərhələsinə vəsiqə qazanacaq.

İdman.Biz