Amil Həmzəyev: “İrlandiyanı da məğlub edərək qrupu ikinci pillədə başa vurmaq istəyirik”

3 İyul 2026 15:33
67
Amil Həmzəyev: “İrlandiyanı da məğlub edərək qrupu ikinci pillədə başa vurmaq istəyirik”

“Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (“EuroBasket 2029”) ilkin seçmə mərhələsində İrlandiyanı məğlub edərək A qrupunu ikinci pillədə başa vurmaq istəyir”.

Bu barədə Azərbaycanın basketbol millisinin kapitanı Amil Həmzəyev bildirib.

33 yaşlı oyunçu həmin qarşılaşmada rəqibə qalib gələcəklərinə inandığını vurğulayıb.

“İlkin seçmə mərhələdəki sonuncu matçda İrlandiya ilə üz-üzə gələcəyik. Həmin görüşdə də qələbə qazanmaq niyyətindəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik. Rəqibi məğlub edərək qrupu ikinci pillədə başa vurmağı planlaşdırırıq. Ümid edirəm ki, istəyimizə nail olacağıq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

A.Həmzəyev ötən gün səfərdə Lüksemburqa 76:74 hesabı ilə qalib gəldikləri oyuna toxunub:

“Çox vacib qələbə qazandıq. Komanda olaraq bunun fərqində idik. Seçmə mərhələdəki hər iki qalibiyyətimiz səfər qarşılaşmalarına təsadüf etdi. Lüksemburqla oyunda bizə çox adam dəstək oldu. Basketbolu sevən hər kəsə təşəkkür edirik. Bu rəqibə qarşı Bakıda da yaxşı oyun sərgiləmişdik. Amma son dəqiqələrdə qələbəni əldən verdik. Səfərdə isə bunun əvəzini çıxdıq. Artıq növbəti görüşə köklənəcəyik”.

Xatırladaq ki, bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.

İdman.Biz