“Komandada ab-hava yüksək səviyyədədir. İtkilərimiz yoxdur”.
Bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
“Bu gün Lüksemburqla üz-üzə gəlirik. Səhər son məşqimizi etdik. Rəqibin heyətində dəyişikliklər var. Oyunçulara gəlincə, keyfiyyətli basketbolçular görürük. Biz öz sistemimizdən çıxmadan oynamaq istəyirik. Bugünkü görüş həlledici olacaq. Yalnız qələbə düşünürük”, - deyə mütəxəssis AZƏRTAC-a açıqlamasında bildirib.
İyulun 5-də oynayacaqları İrlandiya ilə matça toxunan məşqçi bu görüşün də asan keçməyəcəyini söyləyib:
“Ən böyük üstünlüyümüz evdə oynamağımız olacaq. Azarkeşlərin dəstəyi bizim üçün önəmlidir. Lüksemburq və İrlandiya eyni səviyyəli komandalardır”.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan görüşü bu gün saat 21:00-da start götürəcək.
