Bu gün qadınlardan ibarət “Neftçi” 3x3 basketbol komandası Filippində keçirilən Dünya Seriyasının mərhələsində uğurlu start götürüb. Manilada komanda ilə birlikdə 30 yaşlı rusiyalı basketbolçu Yelizaveta Bratçikova da yer alıb.
İdman.Biz-in məlumatına görə, bunu onun sosial şəbəkələrdə etdiyi paylaşımlar da təsdiqləyir. Daha əvvəl isə mediada rusiyalı idmançının idman vətəndaşlığının təsdiqlənməsindən sonra Azərbaycan millisində çıxış edə biləcəyi barədə məlumat yayılmışdı.
Lakin bu yarış üçün “Neftçi”nin rəsmi iştirak siyahısında basketbolçunun adı yer almayıb. Ehtimal olunur ki, Bratçikova Azərbaycan komandasının məşqlərində iştirak etmək üçün turnirə qatılıb.

Məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti İdman.Biz-in sorğusuna cavab olaraq idmançının milli komandaya keçidi barədə məlumatı dolayısı ilə təsdiqləyib və dəqiq informasiya əldə olunduqdan sonra rəsmi açıqlama veriləcəyi bildirilib.
Eyni zamanda, FİBA-nın profilində Yelizaveta Bratçikovanın artıq iki vətəndaşlığı - Rusiya və Azərbaycan vətəndaşlığı qeyd olunub. Lakin milli komanda bölməsində hələ də Rusiya göstərilir.
FİBA 3x3 məlumatlarına əsasən, idmançının 3x3 basketbolda çox geniş təcrübəsi yoxdur. Onun profilində yalnız bir turnirdə, “Tinkoff Girl Power” yarışında iştirak etdiyi göstərilir. Həmin vaxt o, “What is thizzz” komandasında çıxış edib və üç oyun keçirib.
Klassik basketbolda isə idmançı müxtəlif Rusiya klublarında çıxış edib. 2025/2026 mövsümündə Bratçikova rəsmi olaraq heç bir klubda qeydiyyatda olmayıb. Ötən mövsümdə (2024/2025) isə o, “Nika” klubunun heyətində Rusiya Premyer Liqasında orta hesabla 5,2 xal toplayıb və 2,8 ribaund edib.
Milli səviyyədə isə o, Rusiya yeniyetmə və gənclər yığmalarında çıxış edib. 2022-ci ildə isə Rusiya qadın milli komandasının açıq düşərgəsinə dəvət alıb.

