“Uzun və maraqlı mövsüm oldu. Hesab edirəm ki, böyük təcrübə qazandıq. Rəqiblərimiz adlı-sanlı klublar olsa da, sona kimi mübarizə apardıq və son oyuna qədər qrupdan çıxmaq şansımız var idi”.
Bu sözləri “Sabah” basketbol klubunun icraçı direktoru İlqar İsrafilov deyib.
O, komandanın Azərbaycan basketbolu tarixində ilk dəfə FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə iştirak etdiyini xatırladıb.
“Ölkə çempionluğunu ardıcıl dördüncü dəfə qazanmaq təsadüfi deyil. Bunun arxasında böyük komanda işi dayanır. Burada oyunçuların, məşqçilərin, rəhbərliyin, texniki və tibbi heyətinin ümumi işini qeyd edərdim. Fikrimcə, bu vəhdəti uğurumuzun sirri kimi qeyd etmək olar”, - deyə İlqar İsrafilov AZƏRTAC-a açıqlamasında söyləyib.
Klub rəsmisi gələcək mövsüm üçün hədəflər barədə danışıb:
“Növbəti mövsüm də hədəfimiz dəyişilməz olaraq qalacaq. Çempionluq titulunu qorumaq, ölkə kubokunu qazanmaq və təbii ki, Çempionlar Liqasında özümüzü yaxşı tərəfdən göstərmək. Heyətimizi də qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün formalaşdırmağa planlaşdırırıq”.
