Azərbaycan Basketbol Liqasında NTD komandası səfərdə “Şəki BK”ni 95:93 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra NTD-nin baş məşqçisi Tahir Baxşıyev oyunu dəyərləndirib. Mütəxəssis görüşün son dərəcə ağır və gərgin keçdiyini bildirib.
“Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bir çox komponentlərdə rəqibi üstələyə bildik – ribaundlarda, sürətli hücumlarda. Məhz bunu istəyirdim. Amma problemlər də oldu. 18 sərbəst atışı boşa verdik - bu, çox böyük rəqəmdir”, - deyə Baxşıyev qeyd edib.
Baş məşqçi bütün çətinliklərə baxmayaraq, nəticədən məmnun qaldığını vurğulayıb:
“Bununla belə, ümumilikdə qələbədən razı qaldım. Bu qələbə bizim üçün çox vacib idi. Bütün oyunçuları bu qələbə münasibətilə təbrik edirəm”.
Tahir Baxşıyev növbəti oyunun da əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, komanda artıq Bakıda “Gəncə”yə qarşı keçiriləcək görüşə köklənib və bütün diqqət həmin qarşılaşmaya yönəldiləcək.
