“Neftçi”nin baş məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

Xəbərlər
16 Dekabr 2023 10:47
248
“Neftçi”nin baş məşqçisi məğlubiyyətin səbəbini açıqlayıb

"Əsas oyunçularımızdan Nicat Nəsirov, Maykl Karter və Kamran Məmmədov zədəli olduğu üçün oyuna 8 nəfərlə çıxdıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının VIII turunda "Xırdalan"la qarşılaşmadan sonra "Neftçi"nin baş məşqçisi Anar Sarıyev deyib.

80:102 hesablı məğlubiyyətə üzüldüyünü deyən mütəxəssis bildirib ki, yalnız qarşılaşmanın əvvəli istədikləri kimi keçib: “Ancaq matçın ortalarına doğru oyunçularda bir yorğunluq hiss olunmağa başladı. Bəlkə də rəqibi tam ciddiyə almamaları da məğlub olmağımızda həlledici rol oynadı. Zədə səbəbindən komandamız kompakt formada olmayana kimi istədiyimiz oyunu göstərə biləcəyimizi düşünmürəm. Bütün bunlara baxmayaraq, dekabrın 18-dən "Sərhədçi" ilə oyuna hazırlaşacağıq. İnanıram ki, birinci dövrəni qələbə ilə yekunlaşdıracağıq”.

Qeyd edək ki, aktivində 13 xalı olan “Neftçi” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

İdman.biz