Cümə axşamı günü Skopyedə Azərbaycanın kişi basketbol millisi Avropa Çempionatı-2027-nin seçmə mərhələsində ilk oyununu keçirib və Şimali Makedoniya ilə qarşılaşıb. Meydan sahibləri inamlı qələbə qazanaraq - 87:49 hesabı ilə milli komandamızı 38 xal fərqi ilə məğlub ediblər.
Basketbolçularımızın statistik göstəricilərinə diqqət yetirməyə dəyər:
Kamran Məmmədov – meydanda 35 dəqiqə, 6 xal (7 atışdan 2 dəqiq, cərimə zərbəsi 2/2);
Uesli Van Bek – 32 dəqiqə, 10 xal (15 atışdan 2 dəqiq, cərimə zərbəsi 4/4);
Ulaş Turqut – 28,5 dəqiqə, 9 xal (9 atışdan 3 dəqiq, cərimə zərbəsi 1/1);
Saadəttin Donat – 26,5 dəqiqə, 6 xal (6 atışdan 2 dəqiq, cərimə zərbəsi 2/7);
Amil Həmzəyev – 25 dəqiqə, 12 xal (10 atışdan 4 dəqiq, cərimə zərbəsi 2/4);
Şirzad Şirzadov – 20 dəqiqə, 6 xal (9 atışdan 2 dəqiq, cərimə zərbəsi 1/1);
Əkbər Məmmədov – 12,5 dəqiqə, 0 xal;
Endər Poladxanlı – 9 dəqiqə, 0 xal;
Elşad Şirzadov – 4 dəqiqə, 0 xal;
Ercan Donat – 4 dəqiqə, 0 xal;
Derin Berkoz – 8 saniyə, 0 xal.
Bu məğlubiyyət Azərbaycan yığması üçün son illərin ən böyüklərindən biridir. Müqayisə üçün: Dünya Çempionatı-2027-nin seçmə mərhələsinin əvvəlki tsiklində maksimal fərqlər daha az idi – İsveçrə ilə oyunda 30 xal (55:85) və İrlandiya ilə qarşılaşmada 24 xal (67:91). Aydındır ki, komandanın oyununda irəliləyiş yoxdur, əksinə, geriləmə görünür.
Qeyd edək ki, dünənki görüşdən əvvəl millinin baş məşqçisi Tahir Baxşıyev komandanın mübarizə aparacağını demişdi. “Biz oyuna tam hazırıq, itkilər yoxdur”, - deyə o bildirmişdi.
Lakin Skopyedəki matça baxanda, basketbolçularımızın mübarizəsini görmədik. Şimali Makedoniya güclü Balkan basketbol məktəbinə malik olsa da, bu komandaya keçmiş Yuqoslaviyanın top-səviyyəli yığmaları kimi baxmaq olmaz. Azərbaycan azarkeşləri milli komandadan daha rəqabətli oyun gözləyirdilər.
Qeyd edək ki, Tahir Baxşıyev Azərbaycan millisinin baş məşqçisi vəzifəsini 2023-cü ildən icra etməyə başlayıb. Ondan əvvəl komandaya serbiyalı Aleksandar Trifunoviç az müddət rəhbərlik etmişdi. Onun rəhbərliyi ilə Azərbaycan FİBA-nın Kiçik Ölkələr üzrə Avropa Çempionatında (C Divizionu, 2022) 6 komanda arasında 4-cü yeri tutmuşdu.
Milli Federasiyanın baş katibi Vüqar Əzimovun İdman.Biz-ə əvvəlki müsahibəsində bildirdiyinə görə, Trifunoviçlə müqavilə həmin turnir üçün qısamüddətli idi və yarışdan sonra yığma yerli mütəxəssisə həvalə olunub. Lakin son iki ilin nəticələrinə baxdıqda, nəzərəçarpan irəliləyiş əldə olunmayıb.
Qeyd edək ki, AvroBasket-2027 seçmə mərhələsinin növbəti oyunu 30 noyabrda Bakıda keçiriləcək. Milli komandamız həmin görüşdə Lüksemburqla qarşılaşacaq.
Mustafa Daşdəmirov
