Avropanın ən nüfuzlu basketbol turniri olan Avroliqa yaxın illərdə format dəyişikliyinə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Avroliqanın icraçı direktoru Paulius Moteunas yarışmanın gələcək formatı ilə bağlı genişmiqyaslı yeniliklərin müzakirə edildiyini açıqlayıb. Onun sözlərinə görə, liqa çərçivəsində bir sıra yeni modellər nəzərdən keçirilir.
Mümkün yeniliklər arasında “Ulduzlar oyunu”nun təşkili, mövsümün ortasında yeni turnirin keçirilməsi, yarışmanın 24 komandaya qədər genişləndirilməsi və iki konfransa bölünməsi müzakirə olunur. Moteunas bildirib ki, ideal variant 24 və ya 22 komandalı sistemdir və bu komanda sayı iki ayrı konfransa bölünməklə tətbiq oluna bilər. Onun sözlərinə görə, məqsəd təqvimi daha az yüklü etmək və turnirə yeni dinamika əlavə etməkdir.
Avroliqa rəhbəri həmçinin qeyd edib ki, iki konfranslı struktura keçid zamanı tarixi qarşıdurmaların - xüsusən də “Olimpiakos” - “Panatinaikos” derbisinin - mütləq qorunması əsas şərtlərdən biridir. Uzaq səfərlər və logistika məsələləri kritik hesab olunmur, əsas məqsəd tarixi oyunların turnirdə qalmasıdır. Bu açıqlamanı sport24.gr yayıb.
Moteunas əlavə edib ki, Avroliqa qarşıdakı üç-beş il ərzində liqanın ümumi dəyərini 3 milyard avroya (təxminən 5.6 milyard AZN) çatdırmağı hədəfləyir. Onun sözlərinə görə, söhbət gəlirdən deyil, klublarla və liqa rəhbərliyi ilə razılaşdırılmış hədəf dəyər göstəricisindən gedir.
