“Şimali Makedoniya kifayət qədər təcrübəli və güclü komandadır”.
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov kişi basketbolçulardan ibarət millinin 2027-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün Şimali Makedoniya ilə keçirəcəyi oyun barədə danışarkən deyib.
Onun sözlərinə görə, Şimali Makedoniya qrupun əsas favoriti sayılır.
“Bizim üçün çətin oyun olacaq, amma sona qədər mübarizə aparacağıq. Qrupdakı digər rəqiblərimiz - Lüksemburq və İrlandiya komandasıdır. Bu oyunlarda yaxşı nəticələr əldə etmək üçün şanslarımız var. Ümumi olaraq neçə xal toplayacağımızı indidən dəqiq demək çətindir. Bunu zaman göstərəcək”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Federasiya rəsmisi yığmanın yeni üzvü Vesli Van Bek haqqında da danışıb: “Onun barədə müsbət fikirlərim var. Vesli peşəkar və təcrübəli basketbolçudur. Ümid edirəm ki, tez bir zamanda komandaya uyğunlaşacaq və millimizə faydalı olacaq”.
Qeyd edək ki, Skopyedə təşkil olunacaq Şimali Makedoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
