“Son bir həftə ərzində komandadakı ab-hava çox yaxşıdır”.
İdman.Biz xəbər verir ki, NTD komandasının basketbolçusu Ey Cey Makki “Gəncə” ilə qarşılaşmadan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib.
O, komandanın hazırkı vəziyyəti və hədəfləri barədə danışarkən bildirib ki, son günlər əhval-ruhiyyə yüksəkdir: “Son bir həftə ərzində komandadakı ab-hava çox yaxşıdır. Hər kəs yaxşı nəticələr qazanmaq üçün nə etməli olduğunu anlayır və qələbə üçün daha çox çalışır. Mövsümün əvvəlində həm yüksəlişlər, həm də enişlər oldu. Bunun əsas səbəblərindən biri komandamızın tam heyətlə oynaya bilməməsi idi. İndi isə tam formadayıq və hər kəs vəziyyəti dəyişmək üçün böyük istəklə çalışır. Hər gün bir az irəliləyirik. İkinci dövrədə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Makki Azərbaycan Basketbol Liqasının səviyyəsini də yüksək qiymətləndirib: “ABL-ın səviyyəsi çox yüksəkdir, komandalar arasında güclü rəqabət var. Açığı, belə səviyyə gözləyirdim və liqa gözləntilərimi tam doğruldub”.
Amerikalı basketbolçu həmçinin Azərbaycandakı həyatından da razı qaldığını qeyd edib: “Azərbaycanda həyatım çox gözəl keçir. Bakı gördüyüm ən maraqlı və gözəl şəhərlərdən biridir. Yeganə çətinlik dil baryeridir, amma insanlar çox mehriban və qonaqpərvərdir”.
