“Komandada hər şey çox yaxşıdır. Son oyunda qazanılan qələbə bizim üçün yaxşı oldu”.
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XI turunun oyunu ilə bağlı klubun rəsmi televiziyasına deyib.
O bildirib ki, “ağ-qaralar”ın çətin bir oyun gözləyir: “Bizim üçün hər qarşılaşma çox vacibdir. Bundan sonra xal itirə bilmərik. Bu səbəbdən də meydana 3 xal üçün çıxacağıq”.
30 yaşlı yarımmüdafiəçi hansı mövqedə rahat oynadığını da açıqlayıb: “3 mövqedə - orta, sağ və solda oynayıram. Mənim üçün fərq etmir. Məşqçi harda oynamağıma qərar versə, orda daha yaxşısını göstərməyə çalışacam. Məncə, sağda oyunum daha yaxşı alınır. Meydana çıxsam, əlimdən gələni edəcəyəm”.
“Sabah” II turdan təxirə salınan matçda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Hacıyev son matça görə rəqibə qiymət verməyin əleyhinədir: “Yorğun ola bilərlər. Biz onu düşünməli deyilik. Sadəcə öz oyunumuzu düşünməli və mübarizə aparıb qələbə qazanmalıyıq”.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 29-u, saat 18:30-da start götürəcək. Görüş “Neftçi Arena”da keçiriləcək.
İdman.biz