“Zirə”nin futbolçusu: “Əsas rəqiblər “Qarabağ” və “Sabah”dır” - MÜSAHİBƏ

15 Sentyabr 2026 11:15
72
“Zirə”nin futbolçusu: “Əsas rəqiblər “Qarabağ” və “Sabah”dır” - MÜSAHİBƏ

“Əsas rəqiblər kimi “Qarabağ” və “Sabah”ı qeyd edərdim”.

Bunu “Zirə” komandasının Nigerdən olan futbolçusu İssa Cibrilla AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Hazırda komandanız turnir cədvəlində 10 xalla dördüncü pillədə qərarlaşıb. Klub rəhbərliyi bu mövsüm Premyer Liqada və Azərbaycan Kubokunda qarşınıza hansı hədəfləri qoyub?

- Əsas məqsədimiz çempionatı üst pillələrdə başa vurmaqdır. Azərbaycan Kubokunda isə ötən mövsümdən daha yaxşı nəticə göstərərək kuboku qazanmaq istəyirik. Bilirik ki, bunlar iddialı hədəflərdir. Lakin komandamıza inanırıq və bu məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik.

- Son illərdə ölkə çempionu olan “Qarabağ” avrokuboklarda da mübarizəni dayandırıb. Bu, “Zirə” və digər komandalar üçün əlavə çətinlik yarada bilərmi?

- Bəli, əlbəttə. “Qarabağ” hələ də çox güclü komandadır. Avropada daha az oyun keçirməsi onlara çempionata daha çox diqqət ayırmaq imkanı verə bilər. Bu da rəqabəti daha da çətinləşdirəcək. Amma biz ilk növbədə öz oyunumuz və nəticələrimiz barədə düşünməliyik.

- Çempionluq mübarizəsində hansı komandanı əsas rəqibiniz kimi görürsünüz?

- Əsas rəqiblər kimi “Qarabağ” və “Sabah”ı qeyd edərdim. Hər iki komanda çox güclüdür və yüksək hazırlığa malikdir. Amma çempionat hələ uzunmüddətli mübarizəni nəzərdə tutur. Bizim üçün ən vacib məsələ sabit çıxış etmək və hər oyunda maksimum xal toplamaqdır.

- Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacaq. “Turan Tovuz” rəqabətədavamlı komandadır və bilirik ki, bizə çətinlik yarada bilər. Qarşılaşmaya yaxşı hazırlaşacağıq və üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

İdman.Biz