“Şəfa”nın futbolçusu: “Sabah” oturuşmuş bir komandadır”

15 Sentyabr 2026 13:54
78
“Şəfa”nın futbolçusu: “Sabah” oturuşmuş bir komandadır”

“Sabah”a qarşı yaxşı futbol göstərdik. Sadəcə “Sabah” oturuşmuş bir komandadır. Biz isə Premyer Liqaya yeni gələn klubuq”.

Bu sözləri “Şəfa”nın futbolçusu Nahid Əliyev Misli Premyer Liqasının beşinci turunda “Sabah”a məğlub olduqları oyundan sonra deyib.

Azərbaycanın U-21 millisinin vingeri məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib.

“Məncə, oyundan-oyuna daha yaxşı çıxış edirik. Düşünürəm ki, biz yaxşı oynadıq”, - deyə o qol.az-a açıqlamasında vurğulayıb.

21 yaşlı oyunçu növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri görüşdən və komandanın çətin təqvimindən söz açıb:

“Ən azı çalışırıq ki, hər oyunda 1 xal qazanaq. Alınır, ya alınmır... “Qarabağ”la oyundan da ən azı 1 xal əldə etmək istəyirik. Çətin təqvimimiz var. “Neftçi”, “Sabah”, “Qarabağ”... Sonra rahat olacaq”.

N.Əliyev gələcəkdə Azərbaycanın əsas milli komandasında çıxış etmək arzusunu da dilə gətirib:

“Əlbəttə ki, mən də əsas millidə oynamaq istəyərəm. Sadəcə, hər şeyin öz vaxtı var. Milliyə dəvət almaq üçün gərək daha çox oyun vaxtı qazanasan. Yaxşı oynasam, daha çox meydanda olsam, niyə də yox?!”

Qeyd edək ki, “Şəfa” Misli Premyer Liqasının beşinci turunda “Sabah”a məğlub olub və növbəti turda “Qarabağ”la üz-üzə gələcək.

İdman.Biz