Soyuq yanvarda ən erkən start – TƏHLİL

Xəbərlər
8 Yanvar 2024 14:51
766
Soyuq yanvarda ən erkən start – TƏHLİL

Gələn həftə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün ikinci yarısı start götürəcək.

İdman.biz xəbər verir ki, çempionatın 3-cü dövrəsi Bakı derbisi ilə başlayacaq.

Ötən mövsümün mükafatçıları “Sabah”la “Neftçi” yanvarın 21-də üz-üzə gələcək. XIX turun ilk günündəki matçla 32-ci ölkə çempionatının həlledici yarısı başlayacaq.

Ən erkən start
Oyunların yeni ilin 21-ci günündə başlaması ən erkən startın təkrarı kimi yadda qalacaq. 1992-ci ildən keçirilən yarışın tarixində heç vaxt yanvarın ilk iki ongünlüyündə matç baş tutmayıb. Bakı derbisi ilə rekord təkrarlanacaq. İndiyədək yalnız bir dəfə bu mövsüm ilin 21-ci günündə bərpa olunub. Bu, 2021-ci ildə baş verib. Həmin vaxt 2020/21 mövsümünün ikinci yarısının ilk üç qarşılaşması keçirilib.

Yenə “Sabah”ın meydanında, yenə “Neftçi” qonaq
Ən erkən start olan 3 il əvvəlki turun ilk günündə “Zirə” – “Qəbələ” (2:0), “Səbail” – “Neftçi” (1:3) və “Sabah” – “Qarabağ” (1:2) qarşılaşmaları keçirilib. Soyuq yanvarda erkən oyuna çıxan “Sabah”la “Neftçi” yenidən “qışın oğlan çağı”na start verəcək. Həmin vaxt olduğu kimi “Sabah” yenidən öz meydanında qüvvəsini sınayacaq. “Ağ-qaralar” isə bu dəfə də qonaq qismində olacaq. Üç il əvvəl “Neftçi” belə erkən startla çempionluq yaşamışdısa, bu dəfə liderdən 13 xal geridə qalan komandanın möcüzə edəcəyi real görünmür.

Azərbaycanda qış rekordu
Cari mövsümün ikinci yarısı yanvardakı oyunların çoxluğu ilə də diqqət çəkir. Təkcə XIX deyil, XX turun matçları da ilin ilk ayında baş tutacaq. Ümumilikdə, Premyer Liqanın 10 görüşü yanvarda təşkil olunacaq. Bu isə ölkə çempionatlarının 32 illik tarixində yeni rekorddur. İndiyədək heç vaxt bir mövsümün 10 oyunu soyuq yanvara təsadüf etməyib.

Yanvarsız çempionat
Çempionat matçlarının yanvarda keçirilməsi ümumiyyətlə az təsadüf olunan hadisədir. İlk belə hal 8-ci mövsümdə yaşayıb. 1992 və 1993 mövsümləri “yaz-payız” sistemi ilə keçirildiyi üçün ilin ilk ayında heç bir oyun təşkil olunmayıb. Əslində, ilk mövsümdə çempionatın yeni təşkil olunması, növbəti il isə “payız-yaz” sisteminə keçidə xidmət etdiyi də vurğulanmalıdır. Növbəti beş ildə də yanvar futbol görməyib. 1998/99 mövsümündə isə 14 komanda ayın 30-31-dəki turun görüşlərinə çıxıb. İlk ayda 7 qarşılaşmanın keçirilməsi cari mövsümədək rekord sayılırdı.

Futbolumuzun 7-ci yanvarı
1999-cu ildən sonra növbəti yanvarı 16 il gözləmək lazım gəlib. 2015-ci ildə iki, 2016-da beş, 2017-də dörd qarşılaşma ilin ilk ayında təşkil olunub. 2021-ci ildə beş, 2023-cü ildə isə alt görüş belə tez keçirilib. Hər iki halda bir turdan artıq qarşılaşma yanvara təsadüf edib. Öncə təxirə salınmış bir matç, ötən qış isə ilin ikinci turunun bir görüşü belə tez baş tutub. Ümumiyyətlə, əvvəlki 31 mövsümdən 7-də yanvarda oyunlar olub. Bu çempionatlarda 29 qarşılaşma ilin ilk ayında gerçəkləşib.

Qeyd edək ki, Bakı derbisi ilə başlayacaq ilin ilk turunda “Kəpəz” – “Turan Tovuz”, “Səbail” – “Zirə” matçları ayın 22-də, “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmaları isə ertəsi gün keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: