“Qarabağ” Varkonjiyə Macarıstan millisinin qapısını aça bilər

13 Sentyabr 2026 11:16
70
“Qarabağ” Varkonjiyə Macarıstan millisinin qapısını aça bilər

“Qarabağ” futbol komandasının müdafiəçisi Bens Varkonji Macarıstan millisinə dəvət almağa namizədlər sırasına düşə bilər.

İdman.Biz xəbər verir ki, Macarıstan mediası 24 yaşlı mərkəz müdafiəçisinin “Qarabağ”a keçidini onun karyerasında uğurlu addım kimi qiymətləndirir.

Varkonji “Zalaeqerseq”də keçirdiyi son mövsümdə 34,3 km/saat maksimal sürətlə Macarıstan çempionatının ən sürətli mərkəz müdafiəçisi olub. Bildirilir ki, “Qarabağ”ın yüksək müdafiə xətti ilə oynaması, rəqibə təzyiq göstərməsi və hücumları arxadan qısa ötürmələrlə qurması futbolçunun xüsusiyyətlərinə uyğundur.

Bəhlul Mustafazadənin zədələnməsindən sonra şans qazanan Varkonji qısa müddətdə əsas heyətdə yerini möhkəmləndirib. Avropa Liqasının təsnifatında dörd matçda meydana çıxan müdafiəçinin oynadığı dəqiqələr ərzində “Qarabağ” qol buraxmayıb.

“Cube” analitik sisteminin məlumatına əsasən, o, həmin görüşlərdə duellərin 74,3 faizini qazanıb, ötürmələrinin 93 faizi dəqiq olub, müdafiədə hava toplarının 85,7 faizində üstünlük əldə edib və cəmi iki qayda pozuntusuna yol verib. Konfrans Liqasının təsnifatındakı dörd matçda isə duellərin 80, hava toplarının 83,3 faizini qazanıb, ötürmələrinin 94 faizini dəqiq yerinə yetirib və heç bir qayda pozuntusu etməyib.

Futbolçunun agenti Matyaş Esterhazi də Varkonjinin Bakıdakı ilk aylarını yüksək qiymətləndirib. O bildirib ki, müdafiəçi “Qarabağ”da davamlı olaraq əsas heyətdə oynayır, stabil çıxış edir və klub dəyişikliyi həm peşəkar, həm də maliyyə baxımından onun üçün ciddi irəliləyiş olub.

Bildirilir ki, Varkonji bu performansını qoruyarsa, “Qarabağ”dakı çıxışı onun Macarıstan millisinin baş məşqçisi Marko Rossinin diqqətini cəlb etməsinə kömək edə bilər. Daimi oyun praktikası, beynəlxalq təcrübə və sürət müdafiəçinin milli komandaya dəvət şansını artıran əsas amillər kimi göstərilib.

İdman.Biz