Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

28 Oktyabr 2026 20:41
48
Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

“Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində MOİK üzərində qazanılan 9:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis rəqibin güclü komanda olduğunu vurğulayıb və böyükhesablı nəticəyə baxmayaraq, qarşılaşmanın asan keçmədiyini bildirib.

“Bu qarşılaşmaya böyük önəm verdiyimizi, oyuna səylə hazırlaşdığımızı matçdan öncə də demişdim. MOİK həqiqətən güclü komandadır. Özünüz də bilirsiniz ki, rəqibin heyətindəki futbolçular çox keyfiyyətli oyunçulardır.

Hə, böyükhesablı qələbə qazandıq, amma bu o demək deyil ki, MOİK zəif komandadır. Ola bilsin ki, ələ düşən imkanlardan yaxşı faydalandıq və bu məqam bizim işimizi yüngülləşdirdi. Rəqib çempionatda ardıcıl dörd qələbə qazanıb.

İlk hissədə çox böyük gərginlik var idi. Rəqib bir-iki epizodda bizə əməlli-başlı problem yaratmışdı. Elə sonrakı dəqiqələrdə də qarşı tərəfin təhlükəli həmlələri oldu. Lakin futbolçularım bu gərginliyə tab gətirərək oyun planımıza sadiq qaldılar. Qələbəyə, meydanda ortaya qoyduqları əzmkarlığa, yumruq kimi birləşdiklərinə görə futbolçularımın hər birinə təşəkkür edirəm”, - deyə Füzuli Məmmədov fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Birinci Liqada çıxış edən iki komandanın qarşılaşmasında “Şahdağ Qusar” MOİK-i 9:1 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunda növbəti mərhələyə yüksəlib.

İdman.Biz