Azərbaycan çempionatının əvəzolunmazları - TƏHLİL

Təhlil
25 Dekabr 2023 09:49
564
Azərbaycan çempionatının əvəzolunmazları - TƏHLİL

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün ilk yarısı başa çatıb.

İdman.biz xəbər verir ki, avqustun 4-də mübarizəyə başlayan 10 klub 143 gündən sonra fasiləyə yollanıb.

Arxada qalan ilk iki dövrənin 18 turunda 90 matç baş tutub. İştirakçı komandalar bu müddətdə həm yerli, həm legioner futbolçuların hesabına uğur qazanmağa çalışıb. Bu oyunçulardan beşi bütün görüşləri əvəzolunmadan keçirib.

Yeganə kapitan
Mövsümdən əvvəl proqnozlaşdırıldığı kimi autsayderlər qrupunda yer alan “Kəpəz” hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Buna baxmayaraq, Gəncə klubunun aşkar lideri var. Baş məşqçisini də dəyişən qərblilər kapitanını dəyişməyib. Yeqor Xvalko təkcə kapitan kimi deyil, bütün oyunlardakı əvəzolunmazlığı ilə diqqət çəkir. Düzdür, o, “Kəpəz”in əsas kapitanı deyil və Vurğun Hüseynov meydana çıxdığı vaxtlarda sarğını məhz sonuncu daşıyır. Lakin karyerasının son illərini yaşayan Hüseynov cari mövsümdə yalnız bir dəfə start heyətdə şans qazanıb və kapitan kimi daha çox məhz Xvalko tanınır. 27 yaşlı müdafiəçi ötən mövsümdən çıxış etdiyi komandanın 18 oyununda 1620 dəqiqə meydanda olub. Belaruslu legionerin bu seriyası çətin ki, mövsümün sonunadək daim meydanda olsun. Çünki artıq üç sarı vərəqə alan kapitan cəzanın astanasındadır. Növbəti xəbərdarlıqdan sonra Adil Şükürov həm kapitan, həm müdafiə üçün alternativ axtarmağa məcbur olacaq. Lakin Yeqorun iki dövrəni intizamlı keçirməsi də istisna deyil.

Ən təcrübəlisi
Mövsümün ilk yarısının əvəzolunmazlarından yalnız Murad Xaçayev uzun müddətdir indiki klubunda oynaması ilə seçilir. Premyer Liqada yalnız “Sumqayıt” forması geyinən futbolçu 100-dən çox oyunda iştirak edib. 25 yaşlı yarımmüdafiəçi arxada qalan 18 turda da 1620 dəqiqə şans qazanıb.

Onu da Xvalko kimi vitse-kapitan hesab etmək olar. Lakin belarusludan fərqli Murad nadir hallarda sarğını daşıyır. Çünki əsas kapitan Vüqar Mustafayev və vitse-kapitan Elçin Bədəlovun hər ikisinin oynamadığı matçlar az olur. Muradın cəzalı duruma düşmək ehtimalı da çox yüksək deyil. İki dövrədə iki sarı vərəqə alan yarımmüdafiəçi mövsümü limitə düşmədən bitirə də bilər.

Debütantın güvəni
Premyer Liqaya bu il qayıdan “Araz-Naxçıvan” debütant olması qədər qısa müddətdə heyət toplaması ilə də diqqət çəkib. Mövsüm ərəfəsində toplanan komandada daimi heyət üzvü də tapılıb. Bu, 25 yaşlı müdafiəçi Turan Manafovdur. Naxçıvan klubunun əvəzolunmazı Premyer Liqa təcrübəsinə malik olsa da, məhz indiki komandasında aparıcı simaya çevrilib. O, 18 matçdakı 1620 dəqiqəyə 3 qol vurmağı da bacarıb. Cəmi 1 xəbərdarlıqla cəzalanan futbolçunun intizamı ilə də seçildiyi söyləmək olar.

Müdafiənin dirəyi
Əgər Xvalko, Xaçayav və Manafov əvvəlki illərdə də Premyer Liqa həyəcanı yaşayıbsa, digər iki əvəzolunmaz debütantdır. Yayda heyətini ciddi şəkildə dəyişməli olan “Qəbələ” müdafiə xəttini Lukas Afriko ilə gücləndirib. 28 yaşlı braziliyalı da mövsümün ilk yarısını əvəz olunmadan keçirib. O, hətta bir qola da imza atmağı bacarıb. Arxa xəttin dirəyi sayılan cənubi amerikalı Xvalko kimi cəzalı duruma düşmənin astanasındadır. Onun passivində üç xəbərdarlıq var.

“1 nömrə”
Tarixə nəzər salsaq, əvəzolunmazların əksər hallarda qapıçılar olduğunu görərik. Lakin cari mövsüm yalnız bir qolkiper daim meydanda olub. “Zirə”nin əlcək sahibi Tiaqo Silva “1 nömrə” olduğunu oyunu ilə də sübut edib. 1620 dəqiqə meydanda olan 23 yaşlı portuqaliyalı ən az qol buraxan komandanın qapısını qoruyur. O, cəmi 10 top buraxıb və quru oyun sayında da öndədir. Legioner iki dövrədə cəmi bir sarı vərəqə də alıb.

Rotasiya və ya daim axtarışda
Digər 5 klubun heyətində əvəzolunmaz futbolçu yoxdur. Bu da həmin komandaların rotasiyalara getməsi ilə bağlıdır. “Qarabağ” bu addımı Avropadakı uğurlu çıxış səbəbindən atıb. Həm qitə, həm milli səviyyəli turnirlərdə uğurla oynayan komanda daim heyətlə bağlı rotasiyalar edib. Avrokubokların uğursuzları “Sabah”la “Neftçi” Premyer Liqada öz oyununu tapa bilmədiyi üçün axtarışdadırlar. Qitə səhnəsinə çıxmaq xəyalı quran “Səbail” və “Turan Tovuz” da qeyri-sabit çıxışı ilə seçilir. Məhz bu üzdən də onların da heyətində əvəzolunmaz futbolçu olmayıb.

İdman.biz