“Kəpəz” futbol komandasının yarımmüdafiəçisi Rəhman Hacıyev klubun Media və Marketinq Departamentinə müsahibə verib. 33 yaşlı futbolçu çempionatın startı, “Şamaxı” ilə oyun, “sarı-göylər”in hazırkı durumu, eləcə də həftəsonu “Qəbələ”yə qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu ilk olaraq “Kəpəz” azarkeşlərinin yaratdığı atmosferi xüsusi vurğulayıb. O bildirib ki, bu cür dəstəyi daha əvvəl “Neftçi”nin heyətində derbi oyunlarında görüb.
“İnanılmaz, möhtəşəm dəstək var idi. Evdə qələbə qazanmaq sevindiricidir. Amma bunun davamını gətirmək üçün vaxt lazımdır. Komanda yenidir, məşqçi də yenidir. Onun öz oyun üslubu, taktikası var. Düşünürəm ki, zamanla daha yaxşı olacaq”, - deyə Hacıyev söyləyib.
Yarımmüdafiəçi son oyunda - “Şamaxı” ilə qarşılaşmada komandanın istədiyi futbolu göstərə bilmədiyini də etiraf edib:
“Buraxdığımız qollar (1:4) öz səhvlərimizdən oldu. Oyundan sonra matça baxdıq, analiz apardıq. Böyük səhvlər var idi. Amma bunlar düzəlməyən şeylər deyil. Daha çox çalışmalıyıq, oyunlara daha ciddi və konsentrasiyalı yanaşmalıyıq. Çünki rəqib boşluqlardan istifadə edir. İçi mən qarışıq, bütün oyunlara ciddi hazırlaşmalıyıq, xarakter qoymalıyıq”.
Təcrübəli futbolçu karyerasını başa vurmaq fikrində olduğunu da açıqlayıb:
“Açığı, futbolu bitirmək istəyirdim. Dostlarım qoymadılar. Dedilər ki, hələ tezdir. Futbolu çox sevirəm, amma bəzən elə olur ki, futboldan iyrəndirirlər. Sonra “Kəpəz”dən təklif aldım. Dostlarım da məni dəstəklədi. Gəldim, yarım dövrə oynadım. Burada oynamaq, klubun şərəfini qorumaq mənim üçün xoş oldu. Futbola sevgimi yenidən qazandım”.
Rəhman Hacıyev yeni mövsümə zədə ilə başladığını da bildirib. Onun sözlərinə görə, ilk oyunda meydana çıxmaq imkanı olsa da, məşqçilər risk etməmək qərarı veriblər:
“Son oyunda 15 dəqiqə oynadım. Məğlub olduq, bu, xoş deyil. Amma bir oyunla kifayətlənmək olmaz. Cəmi üç oyun keçirmişik, hər şey qabaqdadır”.
Yarımmüdafiəçi qarşıdakı “Qəbələ” görüşündə (12 sentyabr, saat 17:30) azarkeş dəstəyinə ümid etdiklərini də əlavə edib:
“Azarkeşlərimizin dəstəyi bizim üçün böyük motivasiyadır. Bundan istifadə edib qələbələr qazanmalıyıq. Çox yaxşı hazırlaşırıq. Keçən oyundan dərs çıxarmışıq və növbəti matça ciddi şəkildə hazırlaşacağıq. Təbii ki, meydana qələbə üçün çıxacağıq”.
