Bu gün futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər.
İdman.Biz xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Matçın baş hakimi Tural Qurbanov olacaq.
Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək. VAR hakimi Kamal Umudlu, onun köməkçisi (AVAR) isə Zöhrab Abbasov olacaq. Görüşə hakim-inspektor qismində Şahin Cəfərov, AFFA nümayəndəsi kimi isə Elgiz Abbasov təyin olunub.
Hazırda 12 xala malik “Zirə” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Səkkiz xal toplayan “Sumqayıt” isə səkkizinci yerdədir.
Komandalar indiyədək Azərbaycan çempionatında 42 dəfə qarşılaşıblar. Bu oyunların 25-də “Zirə”, altısında “Sumqayıt” qalib gəlib, 11 görüş heç-heçə başa çatıb. Topların fərqində də paytaxt təmsilçisi böyük üstünlüyə malikdir – 62:27.
“Zirə” rəqibinə qarşı son yeddi qarşılaşmanın hamısında qələbə qazanıb. “Sumqayıt” isə 22 oyundur bu rəqibini məğlub edə bilmir. Sumqayıt təmsilçisi sonuncu dəfə 2020-ci il oktyabrın 18-də “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.
Həmin vaxtdan bəri keçirilən 22 qarşılaşmanın 16-da “Zirə” qələbə qazanıb, altı oyun isə heç-heçə başa çatıb.
Rəqiblər arasında son görüş mayın 17-də keçirilib. “Zirə” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Misli Premyer Liqasının doqquzuncu turuna oktyabrın 25-də yekun vurulacaq.
