Premyer Liqada doqquzuncu tura “Araz-Naxçıvan” - “Qəbələ” oyunu ilə start verilir

23 Oktyabr 2026 09:31
120
Premyer Liqada doqquzuncu tura “Araz-Naxçıvan” - “Qəbələ” oyunu ilə start verilir

Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasında doqquzuncu turun ilk oyunu keçiriləcək. “Araz-Naxçıvan” Şamaxıda “Qəbələ” ilə üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq. Matçın baş hakimi Əkbər Əhmədov olacaq.

Ona yan xətt hakimləri Vüsal Məmmədov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. VAR hakimi Nicat İsmayıllı, onun köməkçisi (AVAR) isə Tərlan Talıbzadə olacaq. Görüşə hakim-inspektor qismində İmanxan Sultani, AFFA nümayəndəsi kimi isə İlham Əliyev təyin olunub.

Komandalar turnir cədvəlinin aşağı pillələrində qərarlaşıblar. Mövsümün əvvəlindən cəmi iki xal toplayan “Araz-Naxçıvan” sonuncu – 12-ci yerdədir. Dörd xalı olan “Qəbələ” isə 10-cu pilləni tutur.

Rəqiblər indiyədək Premyer Liqada yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə “Araz-Naxçıvan”, ikisində “Qəbələ” qalib gəlib, daha iki oyun heç-heçə başa çatıb. Topların fərqində də Naxçıvan təmsilçisi üstündür – 11:8.

Qarşılaşma öncəsi diqqətçəkən statistikalardan biri “Araz-Naxçıvan”ın “Qəbələ”yə qarşı ev oyunlarında məğlub olmamasıdır. Naxçıvan klubu əvvəlki üç ev görüşünün ikisində qalib gəlib, birində heç-heçə edib.

“Qəbələ” isə rəqiblə son altı qarşılaşmanın hamısında fərqlənməyi bacarıb. Komandalar arasında son oyun aprelin 25-də keçirilib və 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasının doqquzuncu turuna oktyabrın 25-də yekun vurulacaq.

İdman.Biz