Rəşad Sadıqov: “Yaxşı oyunlarımızdan birini keçirdik”

31 Yanvar 2026 22:03
56
Rəşad Sadıqov: “Yaxşı oyunlarımızdan birini keçirdik”

“Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 məğlub durumda idik. Halbuki oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim”.

İdman.Biz bildirir ki, bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında “Sabah”la oyundan (1:3) sonra deyib.

“Rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Belə olan halda ilk hissədən sonra gözlənilmədən hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür etmək istəyirəm. Yaxşı oyunlarımızdan birini keçirdik. Sadəcə olaraq rəqib komanda son vuruşlarda dəqiq çıxış etdikdə nəticəni öz xeyrinə dəyişmək çətin olur.

Rəqibin ustalıq səviyyəsini də nəzərə almaq lazımdır. İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə”, - Sadıqov deyib.

İdman.Biz