Bəxtiyar Musayev: “Qarabağ” əsas heyətlə oynasa, "Neftçi"yə böyük hesabla qalib gələcək”

Müsahibə
18 Dekabr 2023 13:34
772
Bəxtiyar Musayev: “Qarabağ” əsas heyətlə oynasa, "Neftçi"yə böyük hesabla qalib gələcək”

“Azərbaycan çempionatında keçirilən bütün oyunları izləməyə çalışıram. Lakin elə matçlar var ki, onlara qarşı gözləntim yüksək olur. Bu cür matçlardan biri də "Qarabağ" - "Neftçi" duelidir”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin veteran futbolçusu Bəxtiyar Musayev deyib.

O, Premyer Liqanın XVII turu çərçivəsində “ağ-qaralar”ın “Qarabağ”la oyununu dəyərləndirib. Musayev bildirib ki, bu qarşılaşma maraqlı keçərsə, izləyicilər də bundan zövq alacaqlar: “Hər iki komandanın formasını geyinmişəm. "Qarabağ"da bir mövsüm, "Neftçi"də isə 10 ildən artıq çıxış etmişəm. 17 yaşımdan bu kluba dəvət almışam və "ağ-qaralar"da məşqçi kimi də çalışmışam. "Neftçi" mənim üçün çox doğmadır. İndiyə kimi nə nailiyyətlərim varsa, bu kluba borcluyam. Amma son illərdə komandada o qədər neqativ hallar baş verir ki, adamı özündən soyudur. Bu gün görünən qeyri-peşəkarlıq, yanlış təyinatlar “Neftçi”ni uğurdan çox uçuruma aparır. Bütün bunlara görə gələcəyə ümidlə baxmaq olmur. "Neftçi"yə azarkeşlik edəcəm, klubda hər şey yaxşı səviyyədədir, deyə bilmərəm. Ona görə də ümid edirəm ki, tez bir zaman klub rəhbərliyi yanlışlığı düzəldər və yenidən əzəmətli "Neftçi" komandasını görə bilərik”.

"Qarabağ" komandasının Avropada və yerli çempionatda davamlı uğur qazandığını bildirən Musayev gələcəkdə "Neftçi"nin də düzgün strategiya ilə buna nail olacağına ümid edir: “Ötən həftə “Qarabağ” Avropa Liqasında oynadığından futbolçularda yorğunluq ola bilər. Bu səbəbdən qarşılaşmaya Qurban Qurbanovun hansı heyəti çıxaracağını bilmirik. Əgər "Qarabağ" əsas heyətlə oynasa, "Neftçi"yə böyük hesabla qalib gələcək. İstənilən halda, Ağdam təmsilçisini bir addım öndə görürəm. Çünki elə oyunlar olur ki, "Qarabağ" yerli çempionatda əsas heyətlə mübarizə aparmasa da, istənilən rəqibə gücünü göstərir. Bir çoxları "Qarabağ"da iki heyətin olduğunu deyir. Bəli, Ağdam burada rəqabətə davamlı futbolçular var. "Qarabağ"da o qədər uğurlu işlər gedir ki, digər oyunçular da əsas heyətdə yer alan zaman Azərbaycan çempionatındakı rəqiblər üçün qarşısıalınmaz olurlar”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı dekabrın 18-də saat 20:00-da start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz