“Araz-Naxçıvan”nın legioneri: “Bunu deməklə, özümüzü uğursuz nəticəyə görə sığortalamıram”

Müsahibə
12 Dekabr 2023 11:33
118
“Araz-Naxçıvan”nın legioneri: “Bunu deməklə, özümüzü uğursuz nəticəyə görə sığortalamıram”

“Zirə” ilə son oyun çətin keçdi. Belə olacağını əvvəlcədən bilirdik”.

Bunu İdman.biz saytına “Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiç Azərbaycan çempionatının XVI turunda “Zirə” ilə matçı (1:1) şərh edərkən deyib.

Bosniyalı müdafiəçi bildirib ki, liderlik uğrunda mübarizə aparan komandaya qarşı layiqli mübarizə aparıblar: “Bizim üçün çətin olsa da, azarkeşlər maraqlı və mübarizəli oyun izlədilər. Hər iki komanda qələbə qazana bilərdi, bu, hər iki tərəf üçün real görünürdü. İndiki məqamda qazanılan hər xal dəyərlidir”.

Kurdiç XV turda “Səbail”ə qarşı oyunda son dəqiqələrdə avtoqolu ilə bağlı da danışıb. Komandasını 2 xaldan məhrum edən 24 yaşlı futbolçu bildirib ki, komandası həmin matçda daha üstün oyun göstərib: “Bu qolla bağlı müxtəlif fikirlər səsləndi. Təbii ki, hər kəsin öz fikrini bildirmək hüququ var, amma mən heç vaxt bilərəkdən belə bir şey etmərəm. Çünki bu mənim və komandanın ziyanına olardı. Amma futbolda bəzən elə situasiya ilə üzləşirsən. Bu, ilk hal deyil. Çox üzüldüm, buna görə komanda yoldaşlarımdan üzr istədim. Çünki həmin oyunda biz qələbəyə layiq idik. Çox təəssüf ki, son saniyələrdə avtoqolumla 2 xalı əldən verdik”.

Numanın sözlərinə görə, XVII turda “Sabah”a qarşı onları çətin matç gözləyir: “Sabah” “Qarabağ”dan sonra liqanın ən yaxşısıdır. Bunu deməklə, özümüzü indidən hansısa uğursuz nəticəyə görə sığortalamıram. Bizim də qələbə qazanmaq və ya heç-heçə etmək şansımız realdır. Birinci dövrədə hesabı biz açsaq da, rəqibin qol vurmasına mane ola bilmədik və yekunda xallar yarı bölündü. Bu dəfə də müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarıma inanıram”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” görüşü dekabrın 15-i saat 15:00-da start götürəcək.

Emin Ağa
İdman.biz