Elmar Baxşıyev: “Görünən odur ki, hakimlər bizə fərqli yanaşırlar”

Xəbərlər
25 Oktyabr 2025 21:55
43
Elmar Baxşıyev: “Görünən odur ki, hakimlər bizə fərqli yanaşırlar”

“Mübarizəli, dinamik oyuna şahidlik etdik. Hər iki komanda oyuna rəng qatırdı”.

İdman.Biz bildirir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Sabah”la oyundan sonra deyib.

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

“Komandam ilk dəqiqədən öz əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimi yerinə yetirməyə çalışırdı, 1 xal qazandıq. Rəqibimiz iddialı komandadır. Ona görə də bugünkü 1 xala sevinmək lazımdır.

İstərdim ki, bu cür templi oyunda hansısa epizoda 2-3 dəqiqə baxılmasın. Qərarı dərhal vermək daha məqsədəuyğundur. Futbolçular tempi yüksəltmək üçün ortaya iş qoyurlar. Epizoda 5 dəqiqə baxılanda nəbz düşür. Hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Amma görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar. Bizə təzyiq edən rəqib yox, başqa amillərdir. Komanda olaraq daha güclü olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın”, - Baxşıyev bildirib.

İdman.Biz