Sevinc Cəfərzadə: “Uğurumuz kişi futbolçularımız üçün də düşərli ola bilər”

Müsahibə
2 Dekabr 2023 17:53
323
Sevinc Cəfərzadə: “Uğurumuz kişi futbolçularımız üçün də düşərli ola bilər”

“İstədiyimizə nail olduq. Məqsədimiz bir üst diviziona yüksəlmək idi”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.

Komandasının kapitanı Millətlər Liqasında uğurlu çıxışlarının və B divizionuna vəsiqə qazanmalarını şərh edib. Cəfərzadə bildirib ki, heç də asan qrupda yer almayıblar və oyunlar başlamamışdan əvvəl bu uğura ümid ediblər: “Montoneqro ən çətin rəqibimiz idi. Biz qazandığımız qələbələri sırf xarakter göstərərək əldə etdik. Bunun üçün çox xoşbəxtəm. Bəzən insanlar bir yerə gəlib çatdıqda deyirlər ki, bunu mən etdim, mən qazandım. Biz bu uğuru Allahın köməkliyi ilə qazandıq və buna daima dua etdik.”.

Qarşıda isə yığmamızı daha güclü B divizionunda çıxış gözləyir. Sevinc növbəti mövsümdə bu uğuru təkrarlayacaqlarına söz verməyib: “Komandama çox güvənirəm. B divizionunda daha güclü rəqiblər olacaq. Orda daha yaxşı çıxış etmək üçün bir qədər də təcrübəyə ehtiyacımız var. İndidən o divizion haqqında danışa bilmərəm. Çünki heç rəqiblərimizin də kim olacağını bilmirəm. Monteneqro B divizionunda oynayacaq səviyyədə bir rəqibdir. Əgər onları məğlub edə bilmişiksə, demək ki, növbəti mərhələdə də nələrəsə ümid edə bilərik”.

Cəfərzadənin sözlərinə görə, onların uğuru kişi futbolçularımız üçün də düşərli ola bilər: “Bu gün qazandığımız uğurun davamının gəlməsini istəyirəm. Bunu etdik, davamlı olmasını arzu edirəm. Hər şeyi zaman göstərəcək. Arzu edirəm ki, zədələrimiz olmasın. Nazlıcan Parlak dizindən zədə alıb. 1 il sonra komandaya qoşula biləcək. Arzu edirəm ki, belə hallar daha yaşanmasın. Ümidim var ki, bu çıxışımız düşərli olar və kişi futbolçularımız, digər komandalarımız da bunun davamını gətirərlər”.

Yığmamız qrupdan çıxsa da, son turda Farer adalarına da qalib gəlməyi hədəfləyiblər. Kapitan bildirib ki, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyirlər: “Daha bir ilk olmasının arzusundayıq. Qrupda birinci yeri təmin etdiyimiz üçün arxayınlaşmayacağıq. Biz nöqtə yox, sonda nida qoymaq istəyirik. Yorğun olsaq da, əlimizdən gələni edəcəyik ki, doğma divarlar arasında Farer adaları millisini məğlub edək. Onlar son matçlarında Monteneqroya 0:9 uduzsalar da, zəif deyillər. Möhkəm komandadırlar. Rəqibə hər zaman hörmətlə yanaşmalıyıq. Belə olduğu təqdirdə nəticə də qazanacağıq”.

Qeyd edək ki, V turda səfərdə Kipri 1:0 məğlub edən millimiz son görüşün nəticəsindən asılı olmayaraq qrup lideri kimi B divizionuna yüksəlmək şansı qazanıb.

Emin Ağa
İdman.biz