Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.
İdman.Biz xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə komandalar 40 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.
Qarşılaşma “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra Həsən Həsənli və Əziz Quliyev fərqləniblər.
Qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində təşkil olunub. Yığma sabah Gəncədəki təlim-məşq toplanışını başa vuraraq Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Albaniyaya yollanacaq.
