Qurban Qurbanov: "İlk dəfə 70 manat maaş alıb, bazara getmişdim və..." - MÜSAHİBƏ

Müsahibə
27 Noyabr 2023 23:18
1 180
Qurban Qurbanov: "İlk dəfə 70 manat maaş alıb, bazara getmişdim və..." - MÜSAHİBƏ

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov ona həsr olunan “Stadionlar səssiz olanda” filminin Qala gecəsindən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis film barədə öz fikirlərini bildirib.

- “Stadionlar səssiz olanda” gözləntilərinizi doğrultdumu?

- Mən son illərdə verdiyim müsahibələrdə ancaq futbol sahəsi ilə bağlı danışmışam. Lakin bu gün tam fərqli müsahibə verəcəm. Bu filmi tam dərk etdim. Çünki keçdiyim yollar idi, bir az uzaqlara getdim. İnanıram ki, bu filmdən sonra mən daha da həvəsli və məsuliyyətli olacam. Çünki o illəri yenidən xatırladım və əziyyətlərimə daha da böyük dəyər verdim. Bu səviyyəyə gəlib çıxmışıqsa, çalışmalıyıq ki, bunu qoruyub-saxlaya bilək. Lakin film ümumilikdə mənim üçün çox maraqlı idi.

- Qarşıda sizi Avropa Liqasında "Molde” ilə görüş gözləyir. Oyun öncəsi bu film komanda üçün motivasiya ola bilər?

- Faydası olacağını düşünürəm. Filmdə bəhs olunan anların canlı şahidləri - futbolçular da zalda idi. Onlar da şahid oldular ki, böyük uğurlara dəyər verilir. Futbolçularıma inanıram ki, məsuliyyətlərini dərk edirlər. Qarşıdakı illərdə çəkilən filmlərdə öz adlarının çəkilmələrini istəyəcəklər.

- Filmdə sizin köməkçiniz rolunda göstərilən şəxs Asif Əsgərov idi?

- Daim yanımda Asif Əsgərov olub. Böyük ehtimalla onu yaradıblar. Mən ssenari baxımından çox məlumat verməmişəm.

- Filmin hansı hissəsi sizin üçün çox maraqlı idi?

-Bütün hissələr ayrı-ayrı maraqlı idi. Lakin iki hissə mənə çox təsir etdi. Bunlardan biri qardaşım Musanın əsgərlikdən gəlişini əks etdirən hissəsi, digəri isə ilk maaş almağım. O zamanlar mənim səhv etmirəmsə, 16-17 yaşım var idi, ilk dəfə 70 manat maaş almışdım. Onu əldə edəndən sonra stadiondan çıxıb bazara getmişdim və evimizə 40 manatlıq bazarlıq etmişdim. Evdə də anam tək idi və məni gözləyirdi. Həmin epizodlar məni o günlərimə qaytardı və çox təsir etdi.

Emin Ağa
İdman Biz