Rəşad Sadıqov: "Qurban Qurbanov yenilik etdi, çalışacağıq ki, davamını gətirək" - MÜSAHİBƏ

Müsahibə
27 Noyabr 2023 20:14
1 166
Rəşad Sadıqov: "Qurban Qurbanov  yenilik etdi, çalışacağıq ki, davamını gətirək" - MÜSAHİBƏ

“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov Qurban Qurbanova həsr olunmuş “Stadionlar səssiz olanda” filminin primerosundan öncə jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, o, "Qarabağ"ın təcrübəli çalışdırıcısı ilə bağlı fikirlərini bildirib, adının Azərbaycan millisi ilə birgə hallanmasına aydınlıq gətirib.

- Azərbaycanda idman sahəsi ilə bağlı filmlər azlıq təşkil edir. Belə bir filmin çəkilməsi buna təkan verə bilərmi?

- Yaxşı olar ki, ölkəmizdə bu tipli tədbirlərin sayı artsın. Təbii ki, öncə buna layiq olmaq lazımdır. Qurban Qurbanov bu sahədə bir yenilik etdi. Biz də çalışacağıq ki, bunun davamını gətirək.

- Son günlərdə adınız milli komanda yanaşı hallanır. Bu, sizdə təziq yaratmır ki?

- Təbii ki, təzyiq yaratmır. Milli komandamız mənə doğmadır. Xarici ölkənin milli komandası ilə bağlı hər hansısa bir təklif olsaydı, bu mənim üçün böyük stress yaradardı və üzərimdə təziq hiss edərdim. Amma bizim yığma məndə stress yaratmır və qəti şəkildə fikrimdən yayındırmır. Çalışırıq ki, öz işimizi görək. Hazırda “Zirə” komandasında böyük sevgi və coşquyla çalışaraq, baş məşqçilik fəaliyyətimi davam etdirirəm. İstər futbolçuların, istərsə də məşqçilərin həyatında bu tipli şeylər tez-tez olur. Qurban Qurbanov kimi məşqçinin həyatında deyil, digərlərində isə belə hallar baş verir.

- Siz özünüzü millinin baş məşqçisi postunda görürsünüz?

- Mən fəal məşqçi kimi işləmədiyim dövrlərdə də məhz yığmanın "sükanı arxasına" keçməyə özümü hazır görürdüm. Mənə sual verilsəydi ki, “Qarabağ” və ya “Neftçi” komandaları ilə işləməyə hazırsan, deyərdim ki, zamanla hazır olaram. Amma millimizin yeri məndə başqadır. Ömrümü demək olar ki, orda keçirmişəm. Bu barədə çox danışmaq istəmirəm.

- Avropa Liqasında “Molde” - "Qarabağ" qarşılaşması barədə nə düşünürsünüz? Ağdam təmsilçisi qalib gələ bilərmi?

- “Qarabağ” komandası çox vacib və gərgin oyun çıxacaq. Bir tərədən müəyyən rahatlıq var ki, üçüncü yeri təmin etmişik, bu bizim üçün üstünlükdür. Lakin digər tərəfdəndən bilirəm ki, komanda, Qurban müəllim, futbol ictimaiyyəti, azərkeşlər məhz Avropa Liqasının qrupundan çıxmaq istəyir. Bu nəticəni hələ ki, “Qarabağ” əldə etməyib. Bəlkə də, bu oyun həlledici olacaq. Bütünlükdə komanda qələbəyə köklənib. Rəqib evdə oynadığı üçün bizdən çox üstünlüyü var. Rəqib iki və ya daha çox top fərqi ilə qələbə qazanacağı halda üstünlük əldə edəcək. Son illərdə “Qarabağ”ın üç vacib oyunu olubsa, onlardan biri də budur. Uğurlar arzulayıram. İnanırıq ki, “Qarabağ” bunun öhtəsindən gələcək.

Emin Ağa
İdman.biz