“Azərbaycan millisi yerli baş məşqçiyə həvalə olunsa, daha yaxşı olar. Neçə illərdir ki, əcnəbinin rəhbərliyi altında o qədər də uğurlu çıxış etmirik”.
Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
Veteran futbolçu Canni de Byazi ilə yollar ayrıldıqdan sonra yığmaya əcnəbi gətirilməsinin əleyhinədir. Onun sözlərinə görə, hazırda ölkəmizdə yaxşı yerli məşqçilər kifayət qədərdir və onlara inam olmalıdır: “Yığmamız yerli məşqçiyə tapşırılacağı zaman isə ondan anında yaxşı nəticə gözləmək düzgün olmaz. Ona vaxt vermək lazımdır. Fikrimcə, belə daha uğurlu olar və millimiz getdikcə daha yaxşı nəticə əldə edə bilər”.
O, yığmanın AVRO-2024-ün seçmə mərhələsindəki oyunlara yaxşı başlamadığını da bildirib: “Nəticələr ürəkaçan olmadı. Bu səbəbdən də artıq AFFA rəhbərliyi Canni de Byazi ilə müqavilə müddətini artırmadı və sağollaşdı”.
Qeyd edək ki, 2010-18-ci illərdə millinin formasını geyinən Əliyev 46 oyuna 7 qol vurub.
Banuçiçək Hüseynli
İdman.biz